BAKI, 3 mart. TELEQRAF

İspaniya və Argentina futbol federasiyaları Yaxın Şərqdə artan gərginlik fonunda Finalissima matçının keçiriləcəyi məkanı dəyişmək üçün danışıqlar aparırlar.

Teleqraf jurnalist Veronika Brunatiyə istinadən xəbər verir ki, tərəflər oyunun təhlükəsizliyini təmin etmək üçün alternativ variantları nəzərdən keçirirlər.

Avropa çempionu İspaniya ilə Amerika Kubokunun qalibi Argentina arasında martın 27-nə planlaşdırılan qarşılaşma əslində Qətərdə baş tutmalı idi. Lakin ABŞ və İsrailin İrana hücumlarından sonra regionda yaranan qeyri-sabitlik səbəbindən Qətər bütün daxili yarışları dayandırıb. Bu vəziyyət qitələrarası kubokun da məkanının yenidən nəzərdən keçirilməsini zəruri edib.

Hazırda UEFA, CONMEBOL və FIFA hadisələrin inkişafını yaxından izləyir. Yaxın günlərdə Qətər hökumətinin qiymətləndirməsinə uyğun olaraq yekun qərarın veriləcəyi gözlənilir. Matç təqvimdə qalsa da, onun başqa ölkəyə köçürülmə ehtimalı kifayət qədər yüksəkdir.