BAKI, 20 fevral. TELEQRAF

İspaniyanın Malaqa şəhərində uşaq futbolu sahəsində tanınmış mütəxəssislərdən biri azyaşlılara qarşı cinsi zorakılıq və nalayiq davranışlarda ittiham olunaraq saxlanılıb.

Teleqraf "Marca"ya istinadən xəbər verir ki, yerli polis tərəfindən həyata keçirilən əməliyyat nəticəsində "Deportivo Kinexito" klubunun 55 yaşlı məşqçisi nəzarətə götürülüb.

Adı açıqlanmayan təqsirləndirilən şəxs 14-15 yaşlı yeniyetmələrə qarşı cinsi xarakterli zorakılıq hərəkətləri etməkdə və onlara pornoqrafik materiallar nümayiş etdirməkdə şübhəli bilinir. İstintaqın məlumatına görə, saxlanılan şəxs uzun illər Malaqada uşaq futbolunun inkişafı ilə məşğul olub, ötən əsrin 90-cı illərində isə "Malaqa" klubunun akademiyasının oyunçusu kimi fəaliyyət göstərib.

Cinayət işinin araşdırılmasına valideynlərdən birinin öz övladının mobil telefonunda məşqçi ilə olan nalayiq yazışmaları aşkar etməsindən sonra başlanılıb. Polisin yetkinlik yaşına çatmayanların işləri üzrə şöbəsi dərhal təhqiqata başlayaraq, ən azı daha iki azyaşlı qurbanın olduğunu müəyyən edib. İlkin məlumatlara görə, məşqçi yeniyetmələrin etibarını qazanmaq üçün onlara müxtəlif hədiyyələr verərək özünə yaxınlaşdırıb.

Hazırda polisin kompüter kriminalistikası üzrə mütəxəssisləri saxlanılan şəxsdən müsadirə olunmuş mobil cihazları və valideynlərin könüllü təqdim etdiyi telefonları tədqiq edirlər. İstintaq qrupu qurbanların sayının artacağını istisna etmir.

"Deportivo Kinexito" klubunun prezidenti hadisə ilə bağlı açıqlama verərək bildirib ki, sözügedən şəxs üç ildən artıqdır klubda çalışır və işə qəbul zamanı onun cinsi cinayətlərlə bağlı məhkumluğunun olmaması barədə zəruri arayış təqdim edilib. Klub rəhbərliyi baş verənlərdən polis müdaxiləsinə qədər xəbərsiz olduqlarını vurğulayaraq, hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edəcəklərini və zərərçəkmiş ailələrə hər cür dəstək göstərəcəklərini bəyan edib.