BAKI, 19 fevral. TELEQRAF

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” matçının ən yaxşı oyunçusu seçilən Entoni Qordon qarşılaşmadan sonra açıqlama verib.

Teleqraf-ın məlumatına görə, ingiltərəli hücumçu Bakıda qazanılan qələbə ilə bağlı fikirlərini bölüşərək deyib:

“Təkcə özümlə deyil, bu işdə əməyi olan hər kəslə fəxr edirəm. Bura gəlmək heç vaxt asan olmur, buna görə də bütün komanda adına çox xoşbəxtəm. Qələbənin açarı bizim mentalitetimiz oldu. “Qarabağ” çox yaxşı komandadır və burada oynamaq çətindir, lakin ilk dəqiqələrdən etdiyimiz pressinq oyunun tempini müəyyənləşdirdi. Biz rəqabətə davamlı və amansız idik, məhz bu təzyiq qol epizodlarımızın yaranmasına səbəb oldu”.

Çempionlar Liqasındakı hədəflərindən danışan futbolçu komanda uğurunun fərdi nailiyyətlərdən üstün olduğunu vurğulayıb:

“Məqsədimiz sadədir – hər oyuna ayrılıqda köklənmək və növbəti matçda qalib gəlməyə çalışmaq. Təbii ki, rekordlar gözəldir, lakin futbol komanda oyunudur. Fərdi məqamlar yalnız komanda uğur qazandıqda əhəmiyyət kəsb edir və bu gecə ən vacib olan məhz bu idi”.

Qeyd edək ki, Entoni Qordon sözügedən qarşılaşmada poker edib.