BAKI, 27 yanvar. TELEQRAF

Ulduz futbolçu Lionel Messinin çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubu Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores Kubokunda iştirak edə bilər.

Teleqraf “Marca”ya istinadən xəbər verir ki, hazırda klubun sahibi Xorxe Mas məsələ ilə bağlı Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ilə danışıqlar aparır.

Messinin MLS-ə gəlişindən əvvəl də Meksika klubları Libertadoresdə iştirak etməyə çalışsa da, CONCACAF tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən bu mümkün olmayıb. Hazırda iştirak yalnız konfederasiyaların razılığı ilə reallaşa bilər.

CONMEBOL və CONCACAF arasında razılaşma əldə olunarsa, bir neçə il ərzində ABŞ və Meksika klublarının turnirə qoşulması mümkün ola bilər.

Qeyd edək ki, Argentina millisinin məşhur futbolçusu Lionel Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir.