BAKI, 21 yanvar. TELEQRAF

İtaliyanın "Milan" klubunun futbolçusu Ruben Loftus-Çik komandasını dəyişə bilər.

Teleqraf "talkSPORT"a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin agenti onu İngiltərənin "Mançester Yunayted" klubuna təklif edib.

İngiltərə millisinin üzvü vətəninə qayıtmağa müsbət yanaşır. O, "Milan"da kifayət qədər oyun şansı qazanmadığı üçün hazırkı vəziyyətindən məmnun deyil.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" Loftus-Çiki icarəyə götürmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, Ruben Loftus-Çik 2023-cü ildə "Çelsi"dən "Milan"a transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 23 oyunda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.