BAKI, 21 yanvar. TELEQRAF
İspaniyanın “Real Madrid” klubunun braziliyalı futbolçusu Vinisius Junior UEFA Çempionlar Liqasında klub tarixinə düşüb.
Teleqraf “Madrid Xtra”ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna turnirin əsas mərhələsinin VII turunda “Santyaqo Bernabeu”da “Monako”nu 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.
"Kral klubu”nun 4-cü qolunu vuran Vinisius 2-ci və 5-ci qolların məhsuldar ötürmə müəllifi olub. Beləliklə, braziliyalı futbolçunun Çempionlar Liqasındakı ümumi qol ötürmələrinin sayı 28-ə çatıb ki, bu da “Real Madrid”in turnirdəki çıxışları tarixində ikinci ən yaxşı göstəricidir.
Bu reytinqə “Real Madrid”in heyətində Çempionlar Liqasında 31 assist etmiş Kriştianu Ronaldu başçılıq edir. Üçüncü pillədə isə 27 qol ötürməsi ilə Kərim Benzema qərarlaşıb.
Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 150 milyon avro olaraq qiymətləndirir.