BAKI, 29 dekabr. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubunun və Nigeriya millisinin oyunçusu Viktor Osimhen cari ildə nümayiş etdirdiyi məhsuldarlıqla dünya futbolunun bombardirləri sırasına daxil olub.

Teleqraf xəbər verir ki, 26 yaşlı hücumçu Afrika Millətlər Kubokunda Tunis yığmasının qapısına vurduğu qolla cari ildəki uğurlu seriyasını davam etdirib.

Osimhen 2025-ci təqvim ili ərzində çıxdığı 51 rəsmi matçda 46 dəfə rəqib qapılarına yol tapıb. Bu göstərici ilə o, dünyanın aparıcı 20 liqasında çıxış edən futbolçuların reytinqində “İnter Mayami” (ABŞ) və Argentina seçməsinin ulduz futbolçusu Lionel Messini geridə qoyaraq 4-cü pilləyə yüksəlib.

Siyahıya 66 qolla İspaniyanın "Real Madrid" komandasının forvardı Kilyan Mbappe başçılıq edir.

Qeyd edək ki, Nigeriya millisi növbəti oyunda Uqanda ilə qarşılaşacaq.