BAKI, 16 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulub.

Teleqraf xəbər verir ki, turun son oyun günündə “Neftçi” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

“Palms Sport Arena”da keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Rauf Cabarovun idarə etdiyi oyunda qolları “Neftçi”nin heyətində İmad Faraj (34) və Bassalu Sambu (49), “Sumqayıt”da isə Nsane Simon (74) və Səbuhi Abdullazadə (81) vurublar.

Bu nəticədən sonra ukraynalı mütəxəssis Yuri Vernidubun rəhbərliyi altında ilk matçını keçirən “ağ-qaralar” 17 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Saşa İliçin çalışdırdığı “kimyaçılar” isə 27 xalla 4-cü pillədə yer alıblar.

Qeyd edək ki, günün ilk matçında “İmişli” “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib. Turun daha əvvəl baş tutan oyunlarında “Şamaxı” “Zirə”ni 2:1, “Kəpəz” “Qəbələ”ni 1:0, “Qarabağ” “Araz-Naxçıvan”ı 5:1, “Sabah” isə “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib.