BAKI, 15 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XV turunda “Kəpəz” Yevlax şəhər stadionunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolun müəllifi Ryonosuke Ohori qarşılaşmadan sonra Teleqraf-a müsahibə verib. “​Neftçi”dən icarə əsasında “Kəpəz”də çıxış edən 24 yaşlı yaponiyalı yarımmüdafiəçi həm oyun, həm də gələcəyi ilə bağlı sualları cavablandırıb.

– Oyun necə keçdi?
– Hamımız birlikdə, azarkeşlərlə çiyin-çiyinə mübarizə apardıq. Qələbə qazandığımız üçün çox xoşbəxtik.

– Premyer Liqada yerinizi qoruya biləcəyinizə əminsiniz?
– Təbii ki, inanırıq ki, bu il elitada qalacağıq.

– İcarə əsasında “Kəpəz”də qalacaqsınız, yoxsa “Neftçi”yə qayıdacaqsınız?
– Hələ bilmirəm. Qərar verməmişəm. Menecerimlə danışıqlar davam edir.

– “Neftçi”yə yeni baş məşqçi Yuri Vernidub gəlib. O, sizi performansınıza görə, komandaya qaytarmaq istəyərmi?
– Bilmirəm (gülür – red.). “Neftçi”nin adından danışmaq istəmirəm. Vernidubu tanımıram, yalnız ukraynalı olduğunu bilirəm.

– Özünüzü “Kəpəz”də, yoxsa “Neftçi”də daha xoşbəxt hiss edirsiniz?
– Təbii ki, “Kəpəz”də. Burada oyun şansı qazanıram. Bir futbolçu üçün bu çox vacibdir. Ona görə də özümü burada xoşbəxt hiss edirəm.

– Necə düşünürsünüz, “Neftçi” bu mövsüm avrokuboklara gedə bilər?
– Düşünürəm ki, mümkündür. Onlar yaxşı komandadır.

– Komandanın builki performansını necə qiymətləndirirsiniz?
– “Neftçi” barədə çox danışmaq istəmirəm.

– “Neftçi”yə qayıtsanız, sizdən daha çox qol görə bilərik?
– Əlimdən gələnin ən yaxşısını edərəm. Amma xahiş edirəm, “Neftçi” ilə bağlı suallar verməyin.

– Azərbaycan çempionatı ilə bağlı fikirləriniz necədir?
– Azərbaycan Premyer Liqasının yaxşı səviyyəsi var. Azarkeşlər çox emosionaldır.

– Əvvəl Bakıda oynayırdınız, indi Gəncədəsiniz. Oyunlar zamanı isə Yevlaxa gəlirsiniz. Bu baxımdan çətinlik yaşayırsınızmı?
– Xeyr, heç bir çətinliyim yoxdur. Gəncə xoşuma gəlir, problem yaşamıram.

– Azərbaycan mətbəxindən ən çox nəyi bəyənirsiniz?
– Ən çox quzu ətini sevirəm.

– Sonda azarkeşlərə nə demək istərdiniz?
– Həmişə yanımızda olduqları üçün onlara təşəkkür edirəm. Növbəti oyunlarda da qələbə qazanmaq istəyirik. Xahiş edirik, gələcək matçlarda da bizi dəstəkləsinlər.