BAKI, 30 oktyabr. TELEQRAF

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin “Çelsi” və “Liverpul” klubları növbəti oyunlarını keçirib.

Teleqraf xəbər verir ki, “zadəganlar” İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Vulverhempton”un qonağı olub.

“Molinyu” stadionunda təşkil olunan görüş Enso Mareskanın rəhbərlik etdiyi komandanın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

“Çelsi”nin qollarını Andrey Santos (5-ci dəqiqə), Tayriq Corc (15), Eştevau (41),, və Ceymi Baynou-Gittens (90), “Vulverhempton”dan isə Toluvalase Arokodare (48) ilə Devid Möller Volf (73, 90+3) vurublar. “Mavilər”in hücumçusu Liam Delap 86-cı dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

“Liverpul” isə doğma meydanda “Kristal Pelas”a 0:3 hesabı ilə uduzub.

“Qartallar”ın iki qolunun müəllifi İsmaila Sarr (41, 45) olub. Yeremi Pino 87-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib.

Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Amara Nallo 79-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Çelsi” növbəti oyununu noyabrın 1-də, İngiltərə Premyer Liqasında “Tottenhem”ə qarşı keçirəcək. London təmsilçisi noyabrın 5-də “Qarabağ”ın qonağı olacaq.

“Liverpul” isə “Qarabağ”la 2026-cı ilin yanvarın 29-da qarşılaşacaq.