BAKI, 11 oktyabr. TELEQRAF

“Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Bizim üçün bu, çox vacibdir. Gələcəkdə bizə bu kömək olacaq. Bu cür komandalarla təcrübə yığmaq lazımdır. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis gərgin keçən qarşılaşmanı belə şərh edib: “Oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqib çox ciddi hazırlaşmışdı. Azarkeş dəstəyinə, ilk dəqiqələrdən rəqibin pressinqinə hazır idik. İlk hissənin sonuna bir dəqiqə qalmış dözə bilsəydik, bəlkə ikinci yarı daha fərqli keçərdi. Amma rəqibin ustalığı yüksək səviyyədə idi. Bir şeyi deyim ki, o qolu ancaq Mbappe vura bilərdi. Ustalıq səviyyəsi və o sürətlə uzaq küncə vurdu. Futbolçularım maksimumu etdilər ki, qarşısını alsınlar. Ancaq bu cür oyunçunun qarşısını almaq çətindir. Bəlkə ikinci hissə bizim üçün daha çətin olardı. Bilmək olmaz. Komanda inanırdı ki, mübarizə apara bilərik. Bu da bizim üçün vacib idi”.

Abbasov Mahir Emrelinin çıxışına da münasibət bildirib: “Mahir mənə görə son vaxtlarda ən yaxşı oyunlarından birini keçirdi. Əzmkar idi. Hücumlarımızın alınmaması rəqibdən asılı idi. İmkan vermirdilər. Tək qalanda çətinlik çəkirdi. Ona da dəstək olmalıyıq, pis təsir bağışlamadı. Gələn oyunda rotasiyalar da olacaq. Mahir də maksimum kömək etməyə çalışdı.

Əvəzləmədə problemlər vardı. Rüstəm Əhmədzadə əvəzetmə istədi. O dəqiqələrdə birdən-birə 2 futbolçunu çıxarmaq istəmədik. Toral Bayramov da hər mövqedə oynaya bilən oyunçudur. İstədiyimiz dəqiqəni saxlaya bilmədik. Hiss edirdim ki, standart vəziyyətlərdə çətinlik çəkirik. Amma o dəqiqələrdə qol oldu. Rəqibin hücumlarına hazırlaşmışdıq. İslandiya və Ukrayna ilə oyunlarda da hər iki komanda müdafiə olunmuşdu. Bu hücumlara hazırlaşmışdıq. 90 dəqiqə hücumun qarşısını almaq olmur”.

Mütəxəssis iki gün sonra Ukraynaya qarşı görüşə hazırlıq planından da danışıb: “Fiziki cəhətdən çətinlik olacaq. Heyətimiz genişdir, baxacağıq. Sabah və biri gün vaxtımız var. Bərpa olunmağa çalışacağıq. Digər futbolçular da oynamağa hazırdır. Milli komandada qısa vaxtda oynamağa öyrəşməliyik. Oyunçularla danışacağıq. İkinci qolda standart vəziyyətdə diqqətli ola bilərdik. Daha diqqətli ola bilsəydik, hesab böyük olmazdı. Bu səhvlərdən də nəticə çıxaracağıq”.

A. Abbasov oyunun ən yaxşılarından biri Abdulla Xaybullayev olduğunu bildirib: “Abdulla ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini yavaş-yavaş qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb, hücuma çıxmalıydıq. Əzmkardır”.