BAKI, 23 iyun. TELEQRAF

“Azərbaycanın türk dövlətləri ilə əlaqələri davamlı olaraq güclənir. Bu baxımdan, Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Azərbaycanlıları və türkmənləri eyni kök, mədəniyyət, qədim tarixi ənənələr, eyni zamanda, dil və din eyniliyi birləşdirir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri isə əlaqələrin daha da inkişafı baxımından böyük önəm kəsb edir”.

Bunu Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da güclənib. Ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir və hər iki ölkə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi baxımından siyasi iradə nümayiş etdirir. Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin dostluq münasibətləri, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir.

Millət vəkilinin sözlərinə görə, Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir. İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir.

Sevinc Fətəliyeva qeyd edib ki, iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. “Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”,-deyə dövlətimizin başçısı vurğulayıb. Nəzərə alaq ki, Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Son illər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı həm ikitərəfli ticarət əlaqələrində, həm də regional nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasında özünü aydın şəkildə göstərir. Xüsusilə nəqliyyat və tranzit sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud mənzərəsini əks etdirən rəsmi göstəricilər bu tərəfdaşlığın perspektivlərindən xəbər verir.

Deputatın fikrincə, Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız siyasi-iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür. Xatırladaq ki, 2025-ci il oktyabrın 7-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. Məscidin inşası hazırda sürətlə davam etdirilir. Bütün bunların fonunda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 23-də işğaldan azad edilmiş Qarabağa səfəri dostluq və qardaşlığın növbəti təzahürüdür.

“Azərbaycan və Türkmənistanın BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi mötəbər qlobal və regional təşkilatlar çərçivəsində nümayiş etdirdiyi qarşılıqlı dəstək iki ölkənin xarici siyasət kurslarının tam sinxronluğundan xəbər verir. Bu çoxtərəfli diplomatiya parlamentlərarası sıx təmaslarla da möhkəmləndirilir. Xüsusilə, son olaraq 2026-cı il mayın 15-də Özbəkistanın Buxara şəhərində keçirilən spikerlərin görüşü qanunverici orqanlar səviyyəsindəki dialoqun və siyasi etimadın yüksək göstəricisidir. Azərbaycan və Türkmənistanın formalaşdırdığı bu strateji xətt təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır. Şərq-Qərb dəhlizinin funksionallığında əsas həlqə olan bu tərəfdaşlıq regional sabitliyin və logistik təhlükəsizliyin qarantına çevrilir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.