BAKI, 7 oktyabr. TELEQRAF

Portuqaliyanın "Benfika" klubunun prezidenti Ruy Koşta həbs edilə bilər.

Teleqraf "CNN Portugal" nəşrinə istinadən xəbər verir ki, o, 2023-cü ildə Herman Kontinin transferi üzrə Rusiya "Lokomotiv"indən transferi zamanı ödənilmiş məbləği mənimsəməkdə ittiham olunur.

53 yaşlı klub rəsmisi Rusiya təmsilçisinin 76 min avro məbləğində ödəniş etməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqı (Aİ) tərəfindən təsdiq edilmiş məhdudlaşdırıcı tədbirləri pozmaqda günahlandırılır.

Funksionerin dindirməsi hələ iyul ayında baş tutmalı olsa da, müdafiə tərəfi dinləmənin payıza keçirilməsi barədə vəsatət qaldırıb.

Vəsaitlər hər hansı bir vasitəçi olmadan və gizlədilmədən birbaşa Rusiya klubunun hesabından "Benfika"nın "Banco Comercial Português" (BCP) bankındakı hesabına köçürülüb. Portuqaliya prokurorluğu pulların yuyulması ilə bağlı ittiham irəli sürməyi planlaşdırır.

Qeyd edək ki, "Benfika" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda "Qarabağ"a 2:3 hesabı ilə uduzduqdan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb. Komanda ötən ay Joze Mourinyonu bu posta təyin edib.