BAKI, 22 sentyabr. TEIEQRAF

“Bilmirəm, kim məni qınayır. Təbii ki, hər kəs fikrini bildirməkdə sərbəstdir. Sadəcə müəyyən çərçivələr daxilində bunu etməlidir. Azarkeşlərin sözləri məni çox narahat etdi. Adama deyərlər, öz dediyini bilirsənmi? Hər kəs öz çərçivəsində danışmalıdır. Özünə aid olmayan məsələlərə qarışmamalı və o barədə qətiyyən danışmamalıdır”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Komandası Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqdan sonra azarkeşlərlə arasında yaşanan münaqişəyə münasibət bildirən A.Şükürov baş verən hadisələrə qarşı tərəfin səbəb olduğunu vurğulayıb: “Kimsə kiminsə ailə məsələsinə toxunmayıb. Soruşun ki, onlar öz dediyini eşidirmi?! Hər kəsin ailəsi var və öz ailəsinə cavabdehdir. Heç kim başqasının ailəsinə toxuna bilməz. Onlar tərbiyəsizlik etdilər, mən də onun cavabını verdim”.

Baş məşqçi həmçinin rəhbərliklə də görüşdüyünü bildirib: “Rəhbərliklə görüşümüz dünən axşam oldu. Qərar açıqlandıqdan sonra bu barədə fikir bildirə biləcəyəm”.

Xatırladaq ki, Adil Şükürov yay fasiləsində “Kəpəz”in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında keçirdiyi 5 turda hələ xal qazana bilməyib. Uğursuz nəticələrə görə özündən çıxan gəncəli azarkeşlər "Qəbələ" ilə oyundan sonra mütəxəssisi sərt şüarlarla istefaya səsləyib. Bundan sonra isə tərəflər arasında gərgion anlar yaşanıb.