BAKI, 2 sentyabr. TELEQRAF

“Öz gücümüzə inanırıq. Bu il Çempionlar Liqasında ən yaxşısını etməliyik”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın futbolçusu Abbas Hüseynov UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblər barədə danışarkən deyib.

30 yaşlı müdafiəçi turnirdə sona qədər layiqli mübarizə aparacaqlarını qeyd edib: “Çətin və məsuliyyətli yola çıxırıq. Rəqiblərimiz güclüdür. Qitənin ən nüfuzlu turnirində bizi ağır sınaq gözlədiyini bilirdik. Amma özümüzə inanırıq. Ötən ilin fevralında Almaniyanın “Bayer Leverkuzen” komandası ilə qarşılaşmışdıq. Onları da uda bilərdik, təəssüf ki, alınmadı. Bu, futboldur, hər şey ola bilər. Rəqiblərimizə hörmətlə yanaşırıq, amma çalışacağıq onlara qarşı yaxşı mübarizə aparaq”.

Hüseynov Ağdam təmsilçisinin “Çelsi” və “Ayaks”la ikinci dəfə üz-üzə gəlməsinə də münasibət bildirib: “Komandamız yenilənib, bir neçə yeni futbolçu cəlb olunub. Oyundan-oyuna kollektiv bir-birinə daha çox uyğunlaşır, daha yaxşı formaya düşür. Rəqiblərimizdən ikisi tanışdır. Lakin futbol dəyişir, hər il klublar yenilənir və güclənir. Güclü və zəif deyə ayırmaq istəməzdim. 8 komandanın hər birinə hörmətlə yanaşırıq. Çalışacağıq bu oyunlardan maksimum nəticə əldə edək və azarkeşlərimizi sevindirək”.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm ÇL-in Liqa mərhələsində səfərdə “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya), “Atletik” (İspaniya), evdə isə “Çelsi” (İngiltərə), “Ayntraxt” (Frankfurt, Almaniya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka).