SUMQAYIT, 29 mart. TELEQRAF

“Sumqayıt” komandası Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sabah”ı qəbul edib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.

"Kimyaçılar"dan qolları Ronaldo Vaskez (dəq. 18), Bodir Abdixolikov (dəq. 46) və Momo Yansane (dəq. 87) vurub. “Bayquşlar”dan Umarali Raxmonaliyev (dəq. 6; 71) və Tellur Mütəllimov (dəq. 77) fərqlənib.

Beləliklə, bu nəticədən sonra Vaqif Cavadovun baş məşqçi olduğu komanda 29 xalla 7-ci, Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv isə 36 xalla 5-ci pillədə qalıb. Əvəzində "Sabah" 15-ci heç-heçəsini edərək, bu göstəricidə tarixi rekorda imza atıb. İndiyədək heç bir mövsümdə hər hansı komanda bu qədər "sülh"ə razılaşmayıb. Çempionatın sonuna hələ 8 tur qaldığından, heç-heçə sayının daha da artacağı istisna olunmur.

Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib, “Neftçi” - “Araz-Naxçıvan” matçında isə qalib müəyyənləşməyib - 1:1. Martın 30-da keçiriləcək son iki qarşılaşmada "Kəpəz" "Səbail"i, "Zirə" "Şamaxı"nı qəbul edəcək.