BAKI. 8 noyabr, TELEQRAF
Vətən müharibəsində qələbənin 5-ci ildönümündə "Teleqraf" İnformasiya Agentliyinin əməkdaşları yolunu Azərbaycan İstiqlal Muzeyindən salıb.
Ölkəmizin qəhrəmanlıq tarixini yaşadan, qoruyan, gələcək nəsillərə ötürən bu muzeyin hər köşəsindən bir şanlı tarix boylanır. İnsan qürurlanır, fəxr edir...
Bura Azərbaycanın ilk dövlət muzeyidir. 1918-ci ilin dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin birinci ildönümü münasibətilə elə parlament binasında fəaliyyətə başlayıb. Amma ömrü uzun olmayıb...
Yenidən fəaliyyətə başlaması Azərbaycanın müstəqilliyə qovuşması ilə eyni ilə təsadüf edir. 1991-ci ildə həmin muzeyin mədəni varisi olaraq fəaliyyəti bərpa edilir.
Hazırda Muzey Mərkəzində yerləşən, altı zaldan ibarət olan bu məkanda həmsöhbətimiz muzeyin direktoru Sədi Mirseyiblidir.

Elə muzeyin zallarını onunla birgə gəzməyə başlayırıq. Gəlin, tarixə birlikdə səyahət edək...
- Sədi bəy, bu illər ərzində nə qədər eksponat toplaya bilmisiniz?
- 18 mindən çoxdur. Burada qorunub saxlanılan eksponatlar Azərbaycan dövlətçiliyinə aid sənədlər, fotoşəkillər, rəsm əsərləri və kitablardır. Həmçinin orden və medallar da nümayiş olunur. Bunların yalnız kiçik bir qismi ekspozisiyada nümayiş etdirilir.

- Yeni, maraqlı eksponatlar əldə etmək üçün nə edirsiniz?
- İllər ərzində vətəndaşlar tərəfindən muzeyə bağışlanmış əşyalar da mövcuddur. Həmçinin muzey əməkdaşlarının topladığı əşyalar da var. Bu proses mütəmadi olaraq aparılan toplama işlərinin nəticəsində həyata keçirilir. Statistik göstəricilər il ərzində dəyişə bilir. Elə il olur ki, muzeyə minə yaxın eksponat qəbul olunur, bəzən isə bu rəqəm 100-ə çatır.
Həmçinin mütəmadi kolleksionerlərlə əlaqə saxlayırıq. Onlardan tarixi əhəmiyyətli materialların olub-olmaması ilə bağlı soruşub, araşdırma aparırıq. Qeydiyyatını aparırıq ki, hansısa zaman çərçivəsində onların Azərbaycana bağışlanması halı olarsa, biz də öz növbəmizdə hərəkətə keçək.
Muzeyin birinci zalında Azərbaycanın dövlət rəmzləri – ölkəmizin üçrəngli bayrağı, Dövlət Gerbi, Dövlət himni və Dövlət Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur.
2-ci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Bu dövr mədəniyyət və elmin, neft sənayesinin inkişafı, H. Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov kimi neft milyonçuları tərəfindən yeni binaların, məktəblərin, teatrların, xəstəxanaların tikildiyi dövr idi.
İstiqlal Muzeyinin üçüncü zalı Cənubi Azərbaycan tarixini əks etdirir. Burada ordenlər, medallar və pul vahidləri qorunub saxlanılır.
Dördüncü zal iki hissədən ibarətdir. Burada repressiya illərinə aid materiallar, II Dünya Müharibəsini əks etdirən eksponatlar nümayiş etdirilir.
Beşinci zalda isə 20 Yanvar hadisələri, Xocalı faciəsi, Qarabağ və 44 günlük Vətən müharibəsinə aid maddi-mədəniyyət nümunələri təqdim olunur.
Ən nəhayət, altıncı zal ümummilli liderlər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirir.

2017-ci ildə Azərbaycan muzeyşünaslıq tarixində maraqlı bir hal baş verib. Üçrəngli bayrağın ideya müəllifi Əli bəy Hüseynzadənin şəxsi əşyaları qızı Feyzavər Turan tərəfindən İstiqlal Muzeyinə bağışlanıb. Əli bəyin 161 ədəd əşyası və qardaşı Səlim Turanının rəsm əsərləri, fotoları Türkiyədən Azərbaycana gətirilib.
Hazırda muzeydə Əli bəy Hüseynzadənin rütbələri, qol düymələri və onun son dəfə Azərbaycanda olduğu zaman çəkdirdiyi şəklini görmək olar.
Maraqlı materiallardan biri Şeyx Şamilin məktubudur. Məktub Qafqaz ləhcəsində, ərəb əlifbası ilə yazılıb və arxa hissəsində üzük möhürü ilə təsdiqlənib.

2013-cü ildə Qafqaz İslam Ordusunun əsgərinin nəticəsi tərəfindən muzeyə gətirilmiş materiallar arasında həmin əsgərin Nargin adasında həbsdə olduğu zaman özündə saxladığı kitablar da var.

Muzeydə, həmçinin, Ədalət Tahirzadə tərəfindən bağışlanan Cümhuriyyət qurucularının orijinal fotosu nümayiş olunur. Bu,Cümhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq muzeyə təqdim edilən şəkildir.
Cənubi Azərbaycana həsr olunan zala daxil olanda Sədi bəy Şeyx Məhəmməd Xiyabanın bir fikrini səsləndirir: “Hər bir müstəqil olmaq istəyən xalq qurban verməyə hazır olmalıdır. Elə zaldakı nümunələrdə də bu həmin ideyanı əks etdirən bir neçə hərəkatın izləri nümayiş olunur.
Burada nümayiş etdirilən eksponatlar həm maraqlı, həm də insanların vətənpərvərlik ruhuna təsir edir.
“Əslində muzeydə bütün eksponatlar dəyərlidir, əsasdır. Çünki onların hər biri Azərbaycan dövlətinin və dövlətçiliyinin tarixini özündə ehtiva edir.

Gördüyünüz qılınc Təbrizi təhvil verən Ələkbər Deraxşani tərəfindən general Cəfər Kaviana təqdim edilib. Bu, həmin tarixi hadisəni simvolizə edən qılıncdır.
Burada tarixdə 10 şəxsə verilmiş Səttərxan ordeni də saxlanılır. Bunlardan yalnız ikisi Azərbaycandadır. Səfər xan Qəhrəmani 33 il Qəsri-Qacar zindanında məhbus həyatı yaşayıb. Həmin dövrdə ona müraciət edərək bağışlanması haqqında ərizə yazması təklif olunub. O isə cavabında xalqımın azadlığı mənim azadlığımdan daha üstündür deyib.
O, İranda baş verən inqilabdan sonra azadlığa buraxılıb. Hazırda onun şəxsi əşyaları muzeydə qorunub saxlanılır. Səttərxan deyirdi ki, Azərbaycan xalqı heç vaxt xarici dövlətlərin bayrağı altında sığınmayacaq. Burada gördüyünüz fotolar, materiallar öz azadlığı üçün mübarizə aparan insanlara və o dövrə həsr olunub” - Sədi Mirseyibli sözünə davam edir.
O deyir ki, 1920-ci illərdə repressiyaya məruz qalanların əksəriyyəti panislamçı, cümhuriyyətçi, pantürkist idilər:
“Burada general Mehmandarovu və Şıxlinskini görə bilərsiniz. Onlar Port-Artur qalasının müdafiəsində iştirak etmiş, həmçinin sovet dövründə rus ordusunun formalaşmasına töhfə vermiş şəxslərdir. Onların ən böyük xidmətlərindən biri isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun qurulması ilə əlaqədardır.
Siyasi ideyalarına görə təqiblərə məruz qalan Əhməd Cavadı, Hüseyn Cavidi də burada görə bilərsiniz. Bir sözlə, fondumuzda Cümhuriyyət dövrü qurucularına məxsus əşyalar qorunub saxlanılır”.
O dövrdə insanların saxlanıldığı kameranın qapısı, Salavkidə sürgün həyatı yaşayan Heybət bəyin şəxsi əşyaları da burada qorunur.

Muzeyin direktorunun sözlərinə görə, İkinci Dünya müharibəsinə məxsus eksponatlar arasında Azərbaycanın istehsal etdiyi silah növləri də var:
“Maraqlı eksponatlardan biri də Sovet İttifaqı QəhrəmanıHəzi Aslanovun həmin ada layiq görülməsi ilə bağlı sənəddir. Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin orden və medalları da muzeyimizdədir. Dövrə aid olan silah nümunələri ilə burada tanış olmaq mümkündür”.

İstiqlala, müstəqilliyə tələsən bayraq
Sədi Mirseyibli: “Qarabağ zalında ilk olaraq Meydan Hərəkatını göstərə bilərik. Ən maraqlı materiallardan biri bu bayraqdır. Biz onu “İstiqlala, müstəqilliyə tələsən bayraq” adlandırırıq. 1989-cu il 28 may saat 11 radələrində Cümhuriyyətin yaranmasının ildönümü münasibətilə Qız qalası üzərində Faiq Həsənov tərəfindən dalğalandırılıb.
Bayrağı maraqlı edən odur ki, onun rəngləri səhv tikilib. 1995-ci ildə Faiq Həsənov tərəfindən muzeyə hədiyyə olunub. Rənglərinin səhv tikilməsinə görə biz onu “müstəqilliyə tələsən bayraq” adlandırmışıq”.

Burada 20 Yanvar şəhidi Ələsgər Qayıbovun, Azər Ələkbərovun, Fərizə və İlhamın, Ağabəy Novruzbəylinin şəxsi əşyalarını da görə bilərsiniz.

İlhamın doğum günündə Fərizə tərəfindən onun üçün alınan hədiyyə, Fərizənin istifadə etdiyi çay fincanı , İlham şəhid olan zaman boynunda olan şərf də sərgilənir.

1992-ci ildə Seyidağa Mövsümlü bu gördüyünüz kamera vasitəsilə Xocalı faciəsini lentə alıb. O 2011-ci ildə Xocalını lentə alan həmin kameranı İstiqlal Muzeyinə hədiyyə edib.
Qarabağ müharibəsi zamanı Azərbaycanın mədəni sərvətləri dağıdılıb, talan edilib. 22 muzeydən 100 mindən artıq maddi-mədəniyyət sərvəti məhv edilib. Burada Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları da yer alır. 1993-cü ildə muzeyin direktoru Tariyel Abbaslı tərəfindən düşməndən xilas edilərək, “Düşməndən xilas olmuş xəzinəmiz” adı altında nümayiş olunur.

Muzeyin maraqlı layihələrindən biri “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə müxtəlif sərgilər həyata keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında imzaladığı Zəfər Muzeyinin yaradılması və Memorial Kompleksin inşası ilə bağlı sərəncama uyğun olaraq 2021-ci ildən etibarən Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi Azərbaycan İstiqlal Muzeyinə həvalə olunub. 2021-ci ildən bu günə qədər 9 min 660 ədəd şəhidlərə məxsus sənədlər, fotolar və şəxsi əşyalar toplanaraq mühafizə edilir.

Hazırda onlar müvəqqəti olaraq Azərbaycan İstiqlal Muzeyində qorunur. Bu istiqamətdə 2021-ci ilin sentyabrından “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsinə başlanılıb. Layihə çərçivəsində mütəmadi olaraq hər həftə 7-10 şəhidin şəxsi əşyalarından ibarət sərgilər təşkil edilir. Məqsəd gələcək nəslin vətənpərvər ruhda böyüməsinə töhfə vermək, eyni zamanda İstiqlal Muzeyinə həvalə olunmuş fondların komplektləşdirilməsini sürətləndirməkdir.

Sədi Mirseyibli bildirir ki, mütəmadi olaraq şəhid ailələri tərəfindən onların şəxsi əşyaları, fotoları və sənədləri muzeyə təqdim edilir: "Biz nəinki 44 günlük Vətən müharibəsi şəhidlərinin, həm də Birinci Qarabağ müharibəsi və atəşkəs dövründə şəhidlik zirvəsinə ucalan qəhrəmanların əşyalarının toplanması istiqamətində iş aparırıq. Tovuz döyüşləri zamanı şəhid olan Milli Qəhrəman Polad Həşimovun ailəsi tərəfindən onun sənədləri, şəkilləri və geyimləri İstiqlal və Zəfər muzeylərinin fondlarına komplektləşdirilmək məqsədilə təqdim olunub. Bu istiqamətdə işlər davam etdirilir”.

Muzeyin rəhbəri ziyarətçi marağına da toxunaraq bildirib ki, muzey həm mütəmadi fərdi, həm də qrup halında ziyarət edilir:
“Xarici qonaqların gəlişi mövsümə görə dəyişir, yay aylarında daha çox turistlər, tədris dövründə isə məktəblilər muzeyi ziyarət edirlər. Muzeyə daha çox tamaşaçı gəlməsi məsələsi bizi tam qane edə bilməz. Sosial şəbəkələr, televiziya və mətbuat vasitəsiylə tamaşaçıların diqqət və marağını muzeylərə yönəltmək istiqamətində addımlar atırıq.
Bununla bağlı müxtəlif layihələr həyata keçiririk. Mütəmadi olaraq bu istiqamətdə şəxsi kolleksionerlərlə əməkdaşlıq edirik. “Bir eksponatın tarixçəsi”, “Mədəni xeyriyyəçilik” kimi layihələrin sayını artırmağa çalışırıq. Azərbaycan dövlətçilik tarixi ilə bağlı materialların İstiqlal Muzeyinə gətirilməsi çox önəmlidir. Bayaq da dediyim kimi, mütəmadi olaraq kolleksionlarla bu istiqamətdə iş aparırıq. Bunlar arasında qeyd etdiyim kimi Cümhuriyyət dövrünə aid fotoşəklin bizə bağışlanması var.
Mədəni xeyriyəçilik layihəsi çərçivəsində xalq rəssamları öz əsərlərini heykəltaraşlıq nümunələri kimi muzeyə hədiyyə ediblər. Onlar daimi və mütəmadi sərgilərdə nümayiş etdiriləcək. Böyük qismi fondlarda qorunub saxlanılır”.
