BAKI, 15 fevral. TELEQRAF

Dülgər İlqar Abdullayevlə çalışdığı sexdə görüşdük. O, nadir işlərdən biriylə məşğuldur - nərdtaxta hazırlayır. Çox danışmağı xoşlamır, amma nərdtaxta hədiyyə elədiyi məşhurları da unutmur. İşindən zövq alır, qazancı da pis deyil...

Teleqraf onunla söhbəti təqdim edir.

- İlqar bəy, nərd oyununun qədim tarixi var, bu oyun Azərbaycanda VI-VII əsrlərdən məlumdur. Nərdtaxta ustası kimi bu oyunun tarixi haqqında nə bilirsiniz?

- Doğrusu, nərdtaxta ustası olsam da nərd oyununun tarixi haqqında çox da məlumatlı deyiləm. Yalnız onu bilirəm ki, nərd oyunu İranda yaranıb.

- Deyirlər, nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Nərdtaxta üzərində oyun 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Daşların mənası haqqında necə, məlumatlısınız?

- Düzünü deyim ki, bu haqda çox məlumatlı deyiləm. Biz boyalı nərdtaxta üzərində müxtəlif elementlər, naxışlar, şəkillər işləyirik.

- Necə oldu, nərd ustası kimi fəaliyyətə başladınız?

- İlk vaxtlar dülgər kimi fəaliyyət göstərirdim. Qapı-pəncərə, mebel ustası kimi çalışırdım. Daha sonra isə nərd ustası oldum. 30 ildir dülgər kimi fəaliyyət göstərirəm. Təxminən 16-17 ildir nərdtaxta ustasıyam. Nərd taxtası, əl işləri, suvenirlər də hazırlayıram. Nərdə keçəndən maddi imkanım daha yaxşı oldu. Həm də bu peşəni daha çox sevdim. Mebel ustası kimi işləyə-işləyə paralel bu sahədə də çalışmağa başladım. Tədricən bu sahəyə alışdım və tamamilə nərdtaxta ustası kimi çalışdım.

Bu peşənin sirlərinin 95 faizini özüm sərbəst öyrənmişəm. Bu haqda kitab belə oxumamışam. Sadəcə işimə diqqət göstərmişəm və bu səviyyəyə çatmışam. Yəni, təcrübə toplayaraq zamanla peşəkarlaşmışam.

- Nərd oyununu necə, bacarırsınızmı?

- Nərd oyununu da bacarıram. Hərdən uduram, hərdən uduzuram. Daha çox gənc yaşlarımda nərd oynayırdım, hazırda işin çoxluğu ilə əlaqədar oynamağa vaxt tapmıram.

- Ali təhsiliniz varmı?

- Xeyr, ali təhsil almamışam.

- Nərdtaxtanı daha çox kimlər alır? Tanınmışlar, məmurlar sırasında nərd sifariş edənlər olubmu?

- Əməkdaşlıq etdiyimiz mağazalar var. Gün ərzində 5, bəzən 10 nərdtaxta satırıq. Mənə nərdtaxta hədiyyəsi üçün müraciət edənlər də olur. Əl işlərim Azərbaycanla yanaşı, Türkiyə və Rusiyada da yayılıb.

Xalq artisti Emin Ağalarov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva üçün nərdtaxta hazırlamışam. Leyla Əliyeva sosial media hesabında nərdtaxta hədiyyə olunması haqqında paylaşım da edib. Onların övladları üçün də adları ilə nərdtaxta hazırlamışam. Leyla Əliyevaya hədiyyə etdiyimiz nərdtaxtanın üzəri elementlər və naxışlardan ibarətdir, çox gözəl nərdlərdən biridir.

Müğənnilərdən, yalan olmasın, 80 faizinə nərdtaxta hədiyyə etmişəm. Xalq artisti Röya Ayxana nərd göndərmişəm. Röya Ayxanın nərdinin üzərində öz adı yazılıb və milli elementlərlə hazırlanıb.

- Röya Ayxan nərdtaxta üçün nə qədər ödəniş etdi?

- Röya Ayxana nərdtaxtanı hədiyyə göndərdik. Elə məşhur olub ki, özüm təşəbbüs göstərib nərdtaxta bağışlamışam. Eləsi də olub, gəlib pulunu verib, nərdtaxta alıb. Türkiyəli müğənni Mahsun Kırmızıgülə də nərdtaxta hədiyyə etmişəm.

- Nərdtaxtaların qiymətini deyə bilərsiniz?

- Qiymətlər müxtəlifdir. Qiymət 150 manatdan başlayır, 2000 min manata qədər yüksəlir. Gün ərzində ən azı 200-250 manat əldə edirəm. Ən çox gəlirim 500 manat olub.

- Nərdtaxta ustası kimi ailənizin maddi ehtiyacını təmin edə bilirsinizmi?

- Bəli, ailəmi nərdtaxta satmaqla dolandırıram. Seximdə üç-dörd nəfər işçi də çalışır. Mənimlə işləyənlər də, şükür Allaha, qazanc baxımından razıdırlar, ailələlərini dolandıra bilirlər.

Nərdtaxta almaq üçün bütün yaş təbəqələrindən müraciətlər olur. Nərdtaxta ustası olana qədər də ailəmi təmin edə bilirdim, amma bu səviyyədə deyildi.

- Neçə övladınız var? Övladlarınız arasında sizin peşənizi davam etdirənlər varmı?

- İki oğlum var. Böyük oğlum bir ilə yaxındır mənimlə çalışır. Onun 29 yaşı var. Kiçik oğlum isə kompüter proqramistidir. Onların heç birinin ali təhsili yoxdur, amma istedadlıdırlar.

- Sexiniz də var...

- Bəli, ilk vaxtlar kiminsə əlinin altında, başqa sexlərdə işləyirdim. Bu yeri icarəyə götürmüşəm. Səkkiz ildir burada fəaliyyət göstəririk.

- Nərdtaxta adətən hansı ağacdan düzəldilir? Xüsusi materialı varmı?

- Əsasən palıd, göyrüş ağaclarından düzəldilir.

- Nərdtaxta materialı necə hazırlanır, oraya nə qatılır?

- Taxtadan hazırlanır, üzərinə dolğu, rəng, lak vurulur.

- Nərdtaxtanın ölçüləri necə olmalıdır? Konkret ölçüləri varmı?

- Bəli, ölçülər var. Məsələn,60x30 sm, 65x32 sm, 72x35 sm ölçülərdə hazırlayırıq. İnsanlar daha çox 72x35 sm ölçüdə olanları alırlar. Mən bu ölçüdə nərdtaxtaları 150 manata satıram. Təqdim etdiyim mağazalarda isə daha yuxarı qiymətə təklif edirlər.

- Oyunçuları razı salan, zərin düz düşməsinə şərait yaradan əsl nərdtaxta necə olmalıdır?

- Zərin nərdtaxtaya aidiyyəti yoxdur. Zəri necə atacaqlarından, oyunçudan asılıdır.

- Necə düşünürsünüz, Azərbaycanda sizi kimi ustalar çoxdurmu?

- Bəli, kifayət qədərdir. Həbsxanalarda nərdtaxta hazırlamağı öyrənənlər də var. Onların müəyyən qismi həbsdən çıxandan sonra usta kimi fəaliyyət göstərirlər.

- Həbsxanadan çıxanlardan işləmək üçün sizə müraciət edənlər olubmu?

- Bilirəm ki, bəzi sexlərdə o cür ustalar işləyir. Onlar da ailələrini dolandırmalıdırlar. Əslində, həbsxanadan çıxıb mənə iş üçün müraciət edənlər də olub. Uzun müddət yanımda işləyib. Sonra təkrar cinayət törədib, həbsxanaya qayıdıb. İnsanıq, kimin işə ehtiyacı var, dəstək olmağa çalışıram. İşdən sonra nə edəcək, özü bilər.

- Bir usta kimi bu peşənin daha da inkişafı üçün nə etməyi düşünürsünüz?

- Bu sahənin Azərbaycanda daha da genişlənməsi üçün maliyyə lazımdır. Ona şəxsən mənim maddi gücüm yoxdur, amma gələcəkdə bu peşənin inkişafı üçün nəsə etməyi düşünürəm.

- Bir nərdtaxtanın hazırlıq prosesi neçə günə başa gəlir?

- Bir gün, bir həftə və yarım ay vaxt sərf edilən nərdtaxtalar var. İnsanlar ən çox yazılı və ya şəkilli nərdtaxtalar üçün müraciət edirlər. Mənim Xudafərin körpüsü və Şuşa qalası həkk etdiyim nərdtaxtalar var. Mən şahmat taxtası da hazırlayıram. Şahmat taxtası 80-100 manata satılır.

Foto: Elnur Muxtar