QARABAĞ, 10 oktyabr. TELEQRAF

Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərlik etdiyi beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfəri başa çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səfərin son ünvanı Cəbrayıl rayonu olub.

Onlarda rayonun Yarəhmədli kəndində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar.

Nümayəndə heyətinə işğal dövründə ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi, mina partlayışları nəticəsində insanların həlak olması və xəsarət alması barədə məlumat verilib. Ərazidə tank əleyhinə və piyada əleyhinə minaların, eləcə də qarışıq mina xətlərinin çox olduğu, axtarışlar zamanı partlamamış hərbi sursatların da aşkarlandığı bildirilib.

Səyyahlara minatəmizləmə işlərinin mexaniki üsulla, əl ilə və xüsusi təlim keçmiş itlərin köməyi ilə həyata keçirildiyi izah olunub. Daha sonra ərazidə aşkarlanan minalar partladılaraq zərərsizləşdirilib.

***

12:09

Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərlik etdiyi beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyəti səfər çərçivəsində Zəngilan rayonunda olub.

Səyyahlar Horadiz–Ağbənd avtomobil yolu və dəmir yolu xəttində aparılan tikinti işləri ilə tanış olublar.

Bildirilib ki, uzunluğu 126,3 kilometr olan Horadiz–Ağbənd avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir. Magistral yolun 78,5 kilometrlik hissəsi altı, 45 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarətdir.

Layihə çərçivəsində 8 yol qovşağı, 44 alt keçid, 5 üst keçid, 314 suötürücü qurğu və ümumi uzunluğu 12 kilometr olan 3 tunel inşa edilib. Yol boyunca nəzərdə tutulan 24 körpüdən 23-ünün tikintisi tamamlanıb.

Nümayəndə heyəti Horadiz–Ağbənd dəmir yolu xəttində görülən işlərlə də tanış olub.
Səyyahlara məlumat verilib ki, tikintisinə 2021-ci ildə başlanılan dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometrdir. Layihə çərçivəsində 9 stansiya, 40 körpü, 22 avtomobil keçidi, 4 tunel, 3 qalereya və 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub.

Qeyd olunub ki, tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Birinci mərhələ üzrə işlərin böyük hissəsi tamamlanıb və dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yük daşımaları həyata keçirilir.

İkinci mərhələdə Xudafərin hidroqovşağının maksimal su səviyyəsindən aşağıda yerləşən ərazilərdə əlavə körpülər və qoruyucu tədbirlər görülüb. Bu mərhələdə uzunluğu 771 metr, 23 aşırımı olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü inşa edilib.

Üçüncü mərhələ Mincivan–Bartaz–Ağbənd istiqamətini əhatə edir.

Qeyd edək ki, səfərdə 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan təxminən 40 səyahətçi iştirak edir. Səfər proqramına Azərbaycanın qədim tarixini və mədəni irsini əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.

Bu, dünyanın əsas səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci səfərdir.

***

09:39

Dünya şöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Veleyin (Charles Veley) rəhbərlik etdiyi beynəlxalq səyahətçilərdən ibarət heyətin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səfər çərçivəsində heyət Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikinti işləri ilə tanış olur.

Daha sonra beynəlxalq səyahətçilər Cəbrayıl rayonuna səfər edib burada ərazidə aparılan minatəmizləmə işləri ilə tanışlıq nəzərdə tutulub.