BAKI, 11 iyul. TELEQRAF

Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin və yeni təyin olunmuş hərbi attaşe, polkovnik Metyu Krou ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Suren Papikyan polkovnik Metyu Krounu yeni vəzifəsi münasibətilə təbrik edib və ona səmərəli fəaliyyət arzulayıb.

Tərəflər Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Hər iki tərəf hazırkı əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib.

ABŞ tərəfi Ermənistanda həyata keçirilən müdafiə islahatlarına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib. Görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub.