
Yanlış xarici siyasət Ermənistana fəlakət və yeni münaqişə gətirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Hayk Mamicanyan deyib.
“Paşinyanın anti-Rusiya bəyanatlarına gəlincə, istənilən balanssız xarici siyasət gec-tez fəlakətlə nəticələnir. Ermənistan geosiyasi münaqişələr teatrına çevrilir”, - deputat bildirib.
Mamicanyan Ermənistan rəhbərinin son açıqlamasını yanlış hesab etdiyini vurğulayıb.
Erməni politoloq Yervand Bozoyan da hesab edir ki, Paşinyanın Ukrayna ilə bağlı Rusiya əleyhinə açıqlaması ölkəsinə baha başa gələcək:
“Qərb Rusiyanı Ermənistan ərazisindən çəkilməyə məcbur edir. Bu addımlarının Ermənistanda xaosa yol açacağını da anlayır”.
Ermənistan baş naziri bundan əvvəl Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadıqlarını söyləyib. Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını bildirən Paşinyan bu ölkəninin ərazilərinin Rusiya tərəfindən işğalını qəbul etmədiklərinə eyham vurub.
Kremlin sözçüsü Dmitri Peskov Ermənistan rəhbərinin açıqlamasına etiraz edib.