“Fransa meydanında keçirilən aksiya ərəfəsində “Ermənistan” bloku daha bir yalan xəbər yayaraq, mitinqə mümkün qədər çox adam cəlb etməyi qarşısına məqsəd qoyub”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.

Ermənistan rəsmisi sabiq prezident Robert Köçəryanı vaxtilə Mehrini Azərbaycana təhvil vermək cəhdində ittiham edib.

“Maraqlıdır ki, Mehrinin təhvil verilməsi ilə bağlı danışıqlar aparan Köçəryanın bloku hökuməti Süniki (Zəngəzur – red.) təhvil verməkdə ittiham edir”, - Çaxoyan bildirib.

Qeyd edək ki, Köçəryanın “Ermənistan” bloku ötən gün Azərbaycana təhvil verilmiş və ya veriləcəyi iddia edilən ərazilərin göstərildiyi xəritə yayıb. Xəritədə sovet dönəmində zorla Azərbaycandan qoparılaraq Ermənistana verilmiş bəzi tarixi ərazilərimiz yer alıb. Həmin ərazilərə Mehri - Azərbaycanın əsas hissəsi ilə Naxçıvanla birləşdirən yeganə dəhliz də daxil edilib.