“Müxalifət liderləri İrəvanda keçirilən etiraz aksiyalarını qarşıdurmaya çevirmək məqsədi güdürlər. Dünən müxalifətin hökumətin üçüncü binasına soxulmaq cəhdi də onların niyyətini bir daha sübut edir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ruben Mehrabyan deyib.

Ekspert bildirib ki, müxalifətin məqsədlərindən asılı olmayaraq, geniş ictimaiyyət tərəfindən etiraz aksiyalarına dəstək yoxdur.

Onun sözlərinə görə, müxalifət fəalları polislə toqquşma yaratmağa cəhd etdikdə, aksiya iştirakçılarının sayı azalır:

“Baş verənlər belə təəssürat yaradır ki, müxalifətin mitinqlərində xalqla heç bir əlaqəsi olmayan qruplaşmalar iştirak edir. Onlar bu cəmiyyətdən deyillər, onları küçələri bağlamağa, iğtişaşlar və toqquşmalar törətməyə hazır olan muzdlular adlandıra bilərik. Bu muzdlular təkcə İrəvandan və bölgələrdən deyil, həm də Qarabağ və xaricdən gətirilir. Yəni cəmiyyətdə ikrahdan başqa heç bir başqa münasibət olmayan obraz yaradılır”.

Mehrabyan vurğulayıb ki, erməni soyadlı, amma Ermənistanın təhlükəsizliyinə qarşı davranışlar sərgiləyən, erməni xalqını təhqir edən bəyanatlar verən şəxslərin ölkəyə girişinə müəyyən məhdudiyyətlər qoyulmalıdır:

“Məsələn, Rusiya vətəndaşı Andranik Mixranyan kimi şəxslər ölkəmizə buraxılmamalıdır. Belə şəxslərin ölkəyə girişinin qarşısını almaq üçün məhdudiyyətlər qoyulmalıdır”.

Politoloq hərəkat liderlərinin müxtəlif adlar altında ölkədən getdiklərini bildirib:

“Şərəfim var” fraksiyasının rəhbəri və hərəkatın faktiki lideri Artur Vanetsyanın bir neçə gündür ki, ölkədə yoxdur. Dediyinə görə, xarici ölkəyə (Almaniyaya) “müalicə”yə gedib. Respublikaçı partiyasının üzvü, hərəkat rəhbərlərindən biri Armen Aşotyan da bir neçə gündür ölkədən kənardadır. Hərəkat liderləri arasında ziddiyyətlər var. Ümumiyyətlə, onların əməllərində, münasibətlərində heç vaxt birlik olmayıb. Bəli, hər bir cinayətkar qruplaşmada olduğu kimi onların arasında da birlik yoxdur”.

Mehrabyan əmindir ki, hakimiyyəti ələ keçirmək istəyən müxalifət uğur qazana bilməyəcək, məsxərəyə qoyulacaq.

Politoloqun iddiasına görə, müxalifətin addımları Ermənistan üçün Azərbaycanla danışıqlar prosesini çətinləşdirmək məqsədi daşıyır.