“Donbas, Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, Qarabağın Rusiya ilə sərhədi yoxdur. Bəs belədirsə, onda separatçılar bu “birləşməni” necə təsəvvür edirlər?”
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bölgədəki son gəlişmələrə diqqət çəkib:
“Ermənistan müxalifəti və Qarabağdakı separatçılar Brüssel görüşünü belə dəyərləndirirlər ki, Baş nazir Nikol Paşinyan Qarabağın taleyinə biganədir, Avropa İttifaqı Rusiyanı Qarabağdan sıxışdırmaq istəyir və ortaq bəyanatda “Dağlıq Qarabağ” və “Minsk qrupu”nun xatırlanmaması ermənilərin zərərinədir.

Bu arada, Nikol Paşinyan hökumətin iclasında Brüsseldə Fərrux kəndi və yüksəkliyinin “itirilməsindən” ona görə danışmadığını belə izah edib ki, bu məsələnin Avropa İttifaqına dəxli yoxdur, orada rusiyalı hərbçilər olduğuna görə problemin həlli Moskva ilə müzakirə edilməlidir.
Paşinyan Fərruxun “itirilməsinə” görə Rusiyanın ünvanına daş atmağı da unutmayıb: “Fərruxun yenidən nəzarətə götürülməsi üçün Rusiya hərbçilərdən qəti addımlar gözləyirik. Rusiyalı hərbçilərin fəaliyyətinin araşdırılması məqsədilə Prezident Vladimir Putinlə bir neçə telefon danışığım olub”.
Əslində, Paşinyana, ona müxalifət olanlara və separatçılara da aydındır ki, Fərruxa nəzarəti itiriblər, Minsk qrupu da arxivə göndərilib, Avropa İttifaqı da Qarabağdan deyil, Azərbaycanla Ermənistan arasındakı məsələrin həllindən danışmaq istəyir”.
Elxan Şahinoğlu Qarabağdakı separatçıların Azərbaycanın bu bölgəsinin “Rusiyaya birləşdirilməsi” cəfəngiyyatına da münasibət bildirib:
“Yəqin ki, onlar da Donbas, Abxaziya və Cənubi Osetiyanın yolunu getmək istəyirlər. Ancaq xəritəyə baxsalar da anlamırlar ki, Donbas, Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, Qarabağın Rusiya ilə sərhədi yoxdur. Bəs belədirsə, onda bu “birləşməni” necə təsəvvür edirlər? Sadəcə bununla Rusiyaya mesaj göndərirlər ki, qulunuz olmağa hazırıq, yetər ki, Azərbaycanı dayandırın”.