BAKI, 8 fevral. TELEQRAF

Avropanın araşdırma təşkilatı Bruegel-in məlumatına görə, “Türk axını” ilə qaz nəqli bir aydan çoxdur ki, rekord səviyyədə olub və bir həftə ərzində maksimum 378 min kubmetrə yüksəlib.

Teleqraf xəbər verir ki, ENTSOG-un məlumatları da 4-6 fevral tarixlərində gündəlik tədarükün 50,8 milyon kubmetrə çatdığını göstərir.

Yanvarda “Türk axını” ilə tədarük 45,2 milyon kubmetrə qədər artıb. Aylıq isə bu rəqəm 1,4 milyard kubmetr təşkil edib.

Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının məlumatına əsasən, 2025-ci ildə Avropanın yeraltı qaz anbarlarından qazın çəkilmə sürəti uzunmüddətli orta göstəricini keçəcək. Buna həm Rusiyadan tədarükün azalması, həm də son illərlə müqayisədə hava şəraitinin soyuq olması səbəb kimi göstərilir. Siyahıya həmçinin payızda, eləcə də qışın əvvəlində LNG idxalının azaldılması, külək enerjisi istehsalının yetərli olmaması daxildir.

Qaz anbarlarında ehtiyatların ümumi səviyyəsi anbar tutumunun 49,99 faizini təşkil edib. Bu da son on ildəki göstəricidən aşağıdır. Hesablamalara görə, istilik mövsümünün sonuna qədər yeraltı qaz anbarlarının doluluq səviyyəsi təxminən 30% təşkil edəcək. Bu, 2023-2024-cü illərin göstəricilərindən aşağıdır, lakin ümumilikdə norma daxilindədir.

Bütün bunların fonunda ekspertlər yaxın aylarda qiymətlərin min kubmetr üçün 500 dollardan yuxarı olacağı ehtimalını istisna etmirlər.