BAKI, 7 fevral. TELEQRAF

“Azərişıq” ASC gənc mütəxəssislərin hazırlanıb işlə təmin olunmasında ötən illərdə bir çox uğurlu layihələr həyata keçirib.

Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

O bildirib ki, bu məqsədlə ASC-nin 2012-ci ildən fəaliyyət göstərən Tədris və İnnovasiyalar Mərkəzinin 2015-ci ildən başlayaraq 9 regional filialı təsis edilib.

“Bu gün yüksək bilik və bacarığa malik peşəkar kadrların hazırlanması bilavasitə həmin filiallarda gerçəkləşdirilir. Həmçinin Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən 1 Yarımstansiya-Muzey, 3 Regional Təlim Poliqonu və Elektroenergetika Yaddaş Mərkəzi mövcuddur. Tədris və İnnovasiyalar Mərkəzi nəzdində “Ağıllı Şəbəkələr”, “Mühəndis Pedaqogikası”, “Yaşıl Enerji”, “Texnoloji İnnovasiyalar” kafedraları və “Təlim-Təcrübə Laboratoriyası” təsis edilib. “Texnoloji İnnovasiyalar” kafedrası nəzdində “Beyin Mərkəzi – Analitik Təkmilləşdirmə Qrupu” fəaliyyət göstərir. Həmin müəssisələrdə müxtəlif istiqamətlər üzrə ixtisasartırma və təkmilləşmə kursları təşkil olunur”.