BAKI, 7 fevral. TELEQRAF

“Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir.

Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qeyd edib.

O bildirib ki, bu sahədə son 1 il ərzində, xüsusən ötən il noyabrın 11-dən 22-dək ölkəmizdə keçirilən COP29 ərəfəsində ciddi addımlar atılıb. Paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib:

“Bakı şəhəri və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 20 EDM quraşdırılıb. Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və program təminatına inteqrasiyası həyata keçirilir. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib”.