BAKI, 15 fevral. TELEQRAF
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci cəhd imtahanını keçirib.
İmtahan saat 11:00-da başlayıb və 3 saat 30 dəqiqə davam edib.
Teleqraf-ın əməkdaşları DİM tərəfindən akkreditasiyadan keçərək Azərbaycan Dövlət İqtisad Universitetinin lV saylı korpusunda imtahan prosesini müşahidə edib.

İmtahan rəhbəri Ziyəddin Musayev 158 iştirakçıdan 5-nin imtahana gəlmədiyini deyib:
“İştirakçıların imtahana buraxılışı saat 09:30-dan başlayıb. Təlimata əsasən iştirakçılar imtahan başlayandan 1 saat 30 dəqiqə sonra zalı tərk edə bilərlər. Əsas imtahan saat 14:00-da başa çatır. Esse mərhələsi könüllüdür, lakin alman və ingilis dili fənləri üzrə iştirak məcburidir. Namizədlər minimum iki bal toplamalıdırlar".
Z.Musayev qeyd edib ki, imtahan prosesi ümumilikdə normal və qaydalara uyğun keçib:
“Kənarlaşma halı qeydə alınmayıb. İmtahan dinləmə tapşırığı ilə başlayır və mətn iki dəfə səsləndirilir. Texniki problem yaranacağı təqdirdə imtahan rəhbəri prosesə müdaxilə edir, digər zallarda istifadəsi bitən avadanlıqlardan istifadə olunur. Problemin aradan qaldırılması üçün əlavə vaxt verilir və təkrar dinləmə imkanı yaradılır.
Bu günkü imtahanda ciddi texniki problem yaşanmadı. Yalnız bir zalda bir-iki dəqiqəlik nasazlıq oldu, o da dərhal aradan qaldırıldı.
Təlimatda necə nəzərdə tutulub, eyni qayda da davam edib. Heç bir problem müşahidə edilmədi”, - o bildirib.
Buraxılış mərhələsində yoxlama prosesini həyata keçirmək üçün iki əməkdaş ayrılıb.
Oğlan iştirakçıların yoxlanışını aparan Yüksəl Sadıqov bildirib ki, əsasən siqaret və qulaqlıq kimi qadağan olunmuş əşyalar aşkarlanır.

Qızların yoxlanışını həyata keçirən Aysel Sadıqzadə isə qeyd edib ki, yoxlama zamanı qız və oğlan iştirakçılar arasında hər hansı ayrı-seçkilik edilmir, hər iki halda detallı nəzarət aparılır.
“Ən birinci qulaq nahiyəsi yoxlanılır. Daha sonra saçlara baxılır, xüsusən toplanan saçlar yoxlanılır. Hicablı xanımlar isə xüsusi cihaz- detektor vasitəsilə yoxlanılır”,- o bildirib.

İmtahandan çıxan abituriyentlər sualların çətinlik səviyyəsi ilə bağlı fərqli fikirlər səsləndirdilər.
Fidan Paşayeva bildirib ki, suallar ümumilikdə çətin olub:
“Bəzi tapşırıqlarda sualın özünü belə başa düşmək çətin idi. İlk dəfə idi ki, belə tərzdə suallarla qarşılaşırdım. Bu da bir qədər çaşqınlıq yaratdı. Xüsusilə məntiq bölməsində çətinlik çəkdim. Dinləmə hissəsi isə normal keçdi, orada ciddi problem yaşamadım”.

Bahar Kərimzadə isə informatika fənninin nisbətən çətin olduğunu deyib:
“İnformatika bir qədər çətin gəldi, bəzi suallar düşündürücü idi. Məntiq və ingilis dili isə normal səviyyədə idi. Dinləmə zamanı heç bir problem yaranmadı, mətn aydın idi.
Bakı Musiqi Akademiyasına təhsil almışam, orada magistr təhsilimi davam etdirmək istəyirəm”.

Fərahim Mehdiyev imtahanda ən çox məntiq bölməsinin çətinlik yaratdığını vurğulayıb:
“Suallar ümumilikdə çətin idi. Xüsusilə məntiq hissəsi vaxt aparırdı. Bəzi tapşırıqları bir neçə dəfə yenidən oxumalı oldum ki, düzgün cavab verə bilim. Bu da vaxt baxımından müəyyən çətinlik yaratdı. İngilis dili isə nisbətən rahat idi.
"Biznesin idarə olunması" ixtisasını qəbul olmaq istəyirəm”.

Nərgiz Məmmədova isə imtahanı ümumilikdə normal qiymətləndirib:
“Suallar çətin deyildi, normal idi. Məntiqə daha çox hazırlaşdığım üçün bu bölmədə problem yaşamadım. İngilis dilində isə müəyyən çətinliklər oldu. Özüm alman dili müəllimiyəm.
Əvvəllər dinləmə tapşırığı bir dəfə təqdim olunurdu, bu dəfə isə iki dəfə səsləndirildi ki, bu da daha rahat oldu”.

Telman Əsədzadə imtahanla bağlı fikirlərini belə ifadə edib:
“İmtahana ciddi hazırlaşmadığım üçün suallar mənə çətin gəldi. Xüsusilə ingilis dili bölməsi...
Ümumilikdə isə imtahan gərgin keçdi”.
Qeyd edək ki, bu gün keçirilən imtahanda iştirak etmək üçün 22780 bakalavr ərizə təqdim edib.
DİM-in açıqladığı məlumata görə, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
FOTO: Elnur Muxtar