BAKI, 7 yanvar. TELEQRAF
Məşhur "Chess.com" portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib.
Teleqraf xəbər verir ki, siyahıda yalnız mükafat fondu 10 000 dollardan çox olan yarışlar hesaba alınıb.
Cədvəlin ilk pilləsində norveçli Maqnus Karlsen yer alıb. O, indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) mükafat əldə edib.
İkinci sırada 9 milyon 551 min 844 dollarla hindistanlı Anand Vişvanatan, üçüncüdə 8 milyon 45 min 979 dollarla erməni Qarri Kasparov qərarlaşıb.
Azərbaycanlı qrossmeysterlərdən isə siyahıda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da yer alıb.
Məmmədyarov 1 milyon 781 min 988 dollar (2025-ci ildə 38 639), Rəcəbov isə 1 milyon 117 min 290 dollar (2025-ci ildə 6 275) mükafat qazanıb.
Qeyd edək ki, siyahı 2025-ci ilin dekabrın 31-nə olan nəticələr əsasında hazırlanıb.