
BAKI, 12 mart. TELEQRAF
Martın 15-də Rumıniyanın Eferi-Nord şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. Qitə çempionatında 40 ölkədən 385 şahmatçı mübarizə aparacaq.
Azərbaycan Şahmat Federasiyasından Teleqraf-a verilən məlumata görə, Azərbaycan Avropa çempionatında 13 şahmatçıyla təmsil olunacaq. Rumıniyada ölkə adından – Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Şahin Vəliyev və Ümid Aslanov çıxış edəcək.
Qeyd edək ki, Avropa çempionatında yüksək nəticə göstərəcək şahmatçılar Dünya Kubokuna vəsiqə əldə edəcək. Yarışın ümumi mükafat fondu 100 min avro təşkil edir. 11 turdan ibarət çempionat martın 26-da yekunlaşacaq.