"Putinin Rusiya hərbi qüvvələrini Suriyadan çıxarması səbəblərindən biri də Kreml sahibinin İsraillə münasibətləri gərginləşdirmək istəməməsi idi".

Teleqraf.com xəbər verir ki, bu versiya ilə siyasi ekspert Elxan Şahinoğlu çıxış edib.

Ekspert hesab edir ki, Rusiya ordusu Suriyada vuruşarkən Kremlin maraqları istər-istəməz Suriyadakı İran inqilabçı keçikçilərinin və “Hezbollah”ın maraqları ilə üst-üstə düşürdü, çünki hər üçü Əsədi dəstəkləyir və onun rəqiblərini neytrallaşdırmaqla məşğul idi: "İran inqilab keşikçiləri və “Hezbollah” isə İsrailin qan düşmənləridir. Digər tərəfdən İsrail kəşfiyyatının Putinə ötürdüyü materiallarda Rusiya silahlarının “Hezbollah”ın əlinə keçməsinə dair faktlar var idi.

Bəlkə də, Rusiya ordusu “Hezbollah”a birbaşa silah verməyib, ancaq Əsəd Rusiyadan aldığı silahları “Hezbollah”la bölüşür. Bir müddət də belə davam etsəydi, Rusiya-İsrail münasibətləri pozulacaqdı. Bu isə Türkiyədən sonra Rusiyanın Əsəd verdiyi dəstəyə görə ikinci böyük itkisi olacaqdı. İsrail Qərb dövlətləri kimi Krımın işğalına görə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, Tel-Əviv Kremlə isti münasibətlərdə maraqlıdır. Putin də bunda maraqlıdır. Ona görə də Rusiya qoşunlarının Suriyadan çıxarılması Kremli Tel-Əvivlə münasibətləri soyuqlaşmadan qurtardı".

Qeyd edik ki, Rusiya prezidenti Vladimir Putin martın 14-də Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına dair göstəriş verib. Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin başa çatdırılması ilə əlaqələndirib.