BAKI, 5 mart. TELEQRAF
İraq Kürdüstanının rəhbəri Neçirvan Barzani regionun Yaxın Şərqdə davam edən münaqişədə iştirak etdiyi barədə yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.
Barzaninin sözlərinə görə, İraq Kürdüstanı regiondakı qarşıdurmaların tərəfi olmayacaq.
“Region münaqişələrin tərəfi olmayacaq və həmişə olduğu kimi sülh amili olaraq qalacaq”, - deyə o bildirib.
Xatırladaq ki, daha əvvəl İsrailin "i24News" telekanalı İraq kürd qüvvələrinin İrana qarşı quru hücumuna başladığını iddia etmişdi.
Eyni zamanda ABŞ-nin müdafiə naziri Pit Heqset İranda kürd müxalifətini silahlandırmaq planlarının olduğunu təsdiqləməyib.