BAKI, 5 mart. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin mümkün gizlədilməsi ilə bağlı ölkənin baş prokurorundan ifadə tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi ABŞ-nin ədliyyə naziri və baş prokuroru Pem Bondinin komitəyə gələrək ifadə verməsini tələb edir. Məsələ onun rəhbərlik etdiyi qurumun pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteyn işi üzrə bəzi sənədləri gizlətməsi ehtimalı ilə bağlıdır.

Qətnamənin qəbulunu komitənin 24 üzvü dəstəkləyib, 19 qanunverici isə əleyhinə səs verib. Sənədin müəllifi olan Nümayəndələr Palatasının üzvü Nensi Meys jurnalistlərə bildirib ki, ABŞ Ədliyyə Nazirliyi indiyədək Epşteyn işi ilə bağlı 65 min sənədi və 2 min video materialı açıqlamayıb.

Onun sözlərinə görə, nazirlik Konqresə bütün məlumatları təqdim etmir və bununla da qanunvericiləri çaşdırmağa çalışır. Meys əlavə edib ki, bu məsələ ilə bağlı baş prokurora bir sıra kəskin suallar ünvanlamağı planlaşdırır.