BAKI, 5 mart. TELEQRAF

ABŞ-nin keçmiş Prezidenti Co Baydenin hakimiyyəti dövründə ölkənin ən yaxşı silahları Ukraynaya verilib.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levitt brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Kiyevə silah ötürülməsi ABŞ üçün “ağılsız qərar” olub.

Levitt çıxışı zamanı əvvəlki prezident dövründə ölkənin “çox axmaq və səriştəsiz lider” tərəfindən idarə olunduğunu deyərək Co Baydeni nəzərdə tutub.

“Bayden ABŞ-nin ən yaxşı silahlarının böyük hissəsini çox uzaqda yerləşən başqa bir ölkəyə – Ukraynaya pulsuz verdi”, - deyə Ağ Ev rəsmisi bildirib.

O həmçinin qeyd edib ki, hazırkı ABŞ prezidenti Donald Tramp daha əvvəl də belə addımların məntiqsiz olduğunu vurğulayıb.

Bundan əvvəl Tramp sələfi Co Baydeni Ukraynaya yardım göstərərkən Yaxın Şərqdəki vəziyyəti nəzərə almamaqda tənqid etmişdi.

Eyni zamanda ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Vaşinqtonun Ukraynadakı münaqişənin sona çatdırılmasını istədiyini bildirmişdi.