BAKI, 5 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dəmir yolları ilə bağlı açıqlamasını şərh edib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb.

“Əlbəttə, Ermənistan dəmir yolları Ermənistana məxsusdur və Ermənistan (Rusiya ilə müvafiq) müqaviləni ləğv etmək və ya pozmaq hüququna malikdir. Kəskin konflikt məntiqi ilə hərəkət etmək istəmirik. Rusiyalı tərəfdaşlarla ünsiyyət qurmaq və müzakirələr aparmaq istəyirik”, - baş nazir bildirib.

Nikol Paşinyan əlavə edib ki, müqaviləni pozmaq həmişə pis bir şeydir.

“Dövlətlərarası və şəxsi münasibətlər buna imkan vermir. Bunda bir məqsəd və məna görmürəm. Əksinə, münasibətlərimiz imkan verir ki, sakit və dostyana söhbət edək. Düzgün prinsip odur ki, ölkə və ya onun şirkəti həm Ermənistan, həm də Rusiya ilə yaxşı münasibətlər saxlasın”.

Xatırladaq ki, Sergey Şoyqu bundan əvvəl dəmir yollarının idarəçiliyinin Rusiyadan alınıb başqa ölkəyə verilməsi halında Ermənistanın bir gecədə çökəcəyini bəyan etmişdi.