BAKI, 2 noyabr. TELEQRAF

Yaponiya təbii fəlakətlərlə mübarizə sahəsində topladığı təcrübədən istifadə edərək süni intellektlə idarə olunan robotların hazırlanmasını sürətləndirəcək.

Teleqraf xəbər verir ki, bunu Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akazava jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, ölkə zəlzələ, sunami və digər təbii fəlakətlərlə bağlı topladığı məlumatlardan fiziki süni intellekt texnologiyalarının inkişafında istifadə etməyi planlaşdırır.

“Böyük verilənlər və süni intellekt dövründə Yaponiya təbii fəlakətlərin tez-tez baş verdiyi ölkə kimi digər dövlətlərlə müqayisədə daha çox qiymətli məlumata malikdir. Biz bu çətinlikləri fürsətə çevirmək istəyirik”, – Akazava vurğulayıb.

Nazir bildirib ki, əsas hədəflərdən biri dağıntılar altında qalan insanları qısa müddətdə aşkar edərək xilas edə bilən robotların yaradılmasıdır.

Bundan başqa, “Fukusima-1” Atom Elektrik Stansiyasının sökülməsi və təhlükəli ərazilərdə işlərin aparılması üçün xüsusi robotların hazırlanması nəzərdə tutulur.

Akazavanın sözlərinə görə, Yaponiya bu texnologiyaları dünyada ilk tətbiq edən ölkələrdən biri olmağa çalışacaq.

“Bu, yalnız Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etməyəcək, həm də dünyanın müxtəlif bölgələrində insanların həyatını xilas etməyə kömək edəcək”, – nazir qeyd edib.

Məlumata görə, noyabrın 2-də Yaponiyada Baş nazir Sanae Takaiçinin birbaşa rəhbərliyi altında Təbii Fəlakətlərlə Mübarizə üzrə yeni idarə fəaliyyətə başlayıb.

Qurum təbii fəlakətlərin proqnozlaşdırılması, xilasetmə əməliyyatlarının əlaqələndirilməsi və bərpa işlərinin təşkili ilə məşğul olacaq.

Qeyd edək ki, Yaponiyada hər il təxminən 1500 zəlzələ qeydə alınır. Ölkə mütəmadi olaraq güclü tayfunlar, daşqınlar və torpaq sürüşmələri ilə üzləşir.