BAKI, 2 noyabr. TELEQRAF
NATO ölkələri ABŞ-də keçiriləcək Konqres seçkilərində Respublikaçılar Partiyasının məğlub olacağı təqdirdə Prezident Donald Trampın alyansa təzyiqləri artıracağından ehtiyat edirlər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri NATO-dakı mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa ölkələrinin əsas narahatlığı Trampın ABŞ qoşunlarının Avropada yerləşdirilməsi strategiyasına yenidən baxması, Ukraynaya dəstəyi məhdudlaşdırması və Rusiya ilə münasibətlərdə yeni razılaşmalara üstünlük verməsi ehtimalıdır.
NATO-nun keçmiş rəsmisi Oana Lungesku bildirib ki, Vaşinqton bu məsələləri daha genişmiqyaslı siyasi razılaşmanın tərkib hissəsinə çevirə bilər.
“ABŞ qoşunlarının yerləşdirilməsi strategiyasına yenidən baxılması, Ukraynadakı vəziyyət və Avropanın təhlükəsizlik arxitekturası daha böyük razılaşmanın bir hissəsi kimi nəzərdən keçirilə bilər”, – o vurğulayıb.
Məlumata görə, NATO-da ABŞ-nin alyansa maliyyə töhfələrinin azaldılması və Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutan PURL proqramının məhdudlaşdırılması ehtimalı da ciddi narahatlıq doğurur.
Avropa ölkələri xüsusilə ABŞ-nin radioelektron mübarizə, hava hücumundan müdafiə, kəşfiyyat və hərbi logistika sahələrindəki imkanlarını qısa müddətdə əvəz etməyin çətin olacağını düşünürlər.
“Politico” qeyd edir ki, demokratların Konqres seçkilərində mümkün qələbəsi Trampın daxili siyasətdə fəaliyyət imkanlarını məhdudlaşdıra bilər. Bu isə ABŞ Prezidentini xarici siyasətdə daha sərt addımlar atmağa sövq edə bilər.
Nəşrin mənbələrindən biri Trampın respublikaçıların mümkün məğlubiyyətinə reaksiyasını belə qiymətləndirib:
“O, çox qəzəbli və son dərəcə sərt ola bilər”.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri və Senatın təxminən üçdə biri yenidən seçiləcək.
Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.