BAKI, 2 noyabr. TELEQRAF
Böyük Britaniyada təxminən 400 il əvvəl cadugərlik ittihamı ilə edam edilən qadınların ölümündən sonra əfv olunması üçün III Kral Çarlza müraciət hazırlanır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "CBS News" telekanalı məlumat yayıb.
Bildirilib ki, İngiltərənin cənubundakı Meydston şəhər şurasının üzvləri tarixi ədalətsizliyin aradan qaldırılması məqsədilə monarxa rəsmi müraciət etməyi planlaşdırırlar.
Şəhər şurasının üzvü Kler Kihili həmin qadınların əsassız ittihamlarla edam olunduğunu bildirib.
“Onlar ittiham edildikləri cinayətlərdə təqsirli ola bilməzdilər. Dörd yüz il əvvəl bir çox hallarda bu qadınların günahsız olduqlarını sübut etmək imkanı belə yox idi”, – o qeyd edib.
Məlumata görə, cadugər ovu dövründə təkcə Meydstonda 20-dən çox qadın asılaraq edam edilib. İngiltərə və Şotlandiyada isə oxşar ittihamlarla bağlı 5 mindən çox edam hadisəsinin qeydə alındığı bildirilir.
Tarixdə ən məşhur cadugərlik məhkəmələrindən biri ABŞ-nin Massaçusets ştatındakı Salem şəhərində keçirilib. Həmin proses zamanı 150 nəfər saxlanılıb, 31 nəfər məhkum edilib, 19 nəfər isə asılaraq edam olunub.
Sonradan ABŞ-də məhkəmə və siyasi dairələr bu qərarların yanlış olduğunu qəbul edərək ittihamların ləğvi istiqamətində addımlar atıblar.
CBS News-un məlumatına görə, Böyük Britaniyada isə cadugərlik ittihamı ilə edam edilən şəxslərin ölümündən sonra əfv olunması məsələsi hələ də həllini tapmayıb.
Meydston şəhər şurasının təşəbbüsü bu tarixi hadisələrə yenidən hüquqi və mənəvi qiymət verilməsi məqsədi daşıyır.