BAKI, 2 noyabr. TELEQRAF
İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində həlak olan 69 nəfərdən azı 12-si xarici ölkə vətəndaşıdır.
Teleqraf xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının Ali Məhkəməsi məlumat yayıb.
Məhkəmənin açıqlamasına görə, indiyədək ölənlərdən 66 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 54-ü İspaniya, 12-si isə xarici ölkə vətəndaşıdır.
Həlak olan əcnəbilər arasında dörd ABŞ vətəndaşı, həmçinin Argentina, Kanada, Meksika, Portuqaliya, Tunis, Fransa, Çexiya və Yaponiyanın hərəsindən bir vətəndaş var.
Məhkəmə itkin düşmüş Avstraliya və Yaponiya vətəndaşlarının da qurbanlar arasında ola biləcəyini istisna etmir. Onların şəxsiyyəti hələ müəyyənləşdirilməmiş üç nəfər arasında olduğu ehtimal edilir.
Xatırladaq ki, oktyabrın 28-də səhər saatlarında Toledo əyalətinin Urda yaşayış məntəqəsi yaxınlığında Madrid–Sevilya marşrutu üzrə hərəkət edən iki sərnişin qatarı toqquşub.
Qəza zamanı qatarlarda ümumilikdə 540-dan çox sərnişin olub. Faciə nəticəsində 69 nəfər həyatını itirib.
Hadisə ilə bağlı cinayət işi üzrə araşdırma davam etdirilir.