BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpini Yaponiyaya tətbiq edilən ixrac məhdudiyyətlərini aradan qaldırmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Honkonqun “South China Morning Post” (SCMP) qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp sentyabr ayında Si Cinpinin Vaşinqtona səfəri zamanı keçirilən görüşdə Çinin ixrac məhdudiyyətləri ilə bağlı Yaponiyanın narahatlığını gündəmə gətirib.
Söhbət xüsusilə nadir torpaq metallarının və digər strateji əhəmiyyətli xammalın ixracına qoyulan məhdudiyyətlərdən gedib. Bu tədbirlərin Yaponiya sənayesinə mənfi təsir göstərdiyi bildirilib.
Mənbələrin sözlərinə görə, Tramp Pekinin addımlarını Yaponiyadan məhsul tədarük edən ABŞ şirkətləri üçün də təhlükə kimi qiymətləndirib.
Amerika lideri bu məhdudiyyətlərin 2025-ci ilin oktyabrında Busanda ABŞ və Çin arasında əldə edilmiş ticarət atəşkəsinin dolayı yolla pozulması olduğunu bildirib.
Lakin Si Cinpinin Trampın təkliflərinə ciddi maraq göstərmədiyi qeyd olunur.
Çin lideri Pekinlə Tokio arasındakı mübahisənin ABŞ-Çin münasibətlərindən ayrı qiymətləndirilməli olduğunu və ikitərəfli əlaqələrə təsir etməməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Çin daha əvvəl Yaponiyanın hərbi potensialının artırılmasında iştirak edən təşkilatlara qarşı ixrac nəzarəti tədbirləri tətbiq edib.
Məhdudiyyətlər çərçivəsində Çin şirkətlərinə həmin təşkilatlara ikili təyinatlı məhsulların, o cümlədən nadir torpaq metallarının və kritik mineralların tədarükü qadağan olunub.
Bundan başqa, Çin mənşəli ikili təyinatlı məhsulların üçüncü ölkələrdəki şirkətlər və fiziki şəxslər vasitəsilə həmin təşkilatlara ötürülməsinə də məhdudiyyət qoyulub.
Xatırladaq ki, Si Cinpin sentyabrın 23–25-də son 11 ildə ilk dəfə ABŞ-yə dövlət səfəri edib. Tramp isə bu ilin mayında Çin liderinin dəvəti ilə Pekinə səfər etmişdi.