BAKI, 8 oktyabr. TELEQRAF
İsrail oktyabrın 8-də Böyük Britaniyanın Şərqi Qüdsdə yerləşən konsulluğunu bağlamağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, diplomatik nümayəndəlik rəsmi statusunu itirəcək. Lakin İsrail hakimiyyəti britaniyalı diplomatları və onların ailə üzvlərini ölkədən çıxarmayacaq.
Konsulluqda çalışan təxminən 30 diplomatın Böyük Britaniyanın Təl-Əvivdəki səfirliyində fəaliyyətini davam etdirməsinə imkan yaradılacaq.
Bundan əvvəl London İsrailin bu addımına cavab olaraq 30 israilli diplomatı Böyük Britaniyadan çıxara biləcəyi barədə xəbərdarlıq etmişdi.
“Reuters” agentliyinin məlumatına görə, Britaniya hökuməti konsulluğun bağlanmasının qarşısını almaq məqsədilə İsraillə gizli danışıqlar aparıb. Bu çərçivədə Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ötən həftə İsrailə səfər edib.
Diplomatik gərginliyə səbəb Londonun İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin genişləndirilməsinə qarşı tətbiq etdiyi sanksiyalardır.
Sentyabrın 8-də Böyük Britaniyanın xarici işlər naziri Ed Milibənd parlamentdə çıxışı zamanı İordan çayının qərb sahilində beynəlxalq hüquqa zidd hesab edilən İsrail yaşayış məntəqələrindən məhsul idxalına qadağa qoyulacağını açıqlayıb. Məhdudiyyətlərin 2027-ci ildə qüvvəyə minməsi nəzərdə tutulur.
İsrail isə buna cavab olaraq Britaniyanın Şərqi Qüdsdəki konsulluğunun 30 gün ərzində bağlanacağını elan edib.
Qeyd edək ki, İsrailin planlaşdırma qurumu 2025-ci ilin avqustunda Qüds yaxınlığındakı Maale-Adumim yaşayış məntəqəsi ətrafında, E-1 zonasında 3 400 mənzilin tikintisi planını təsdiqləyib.
İsrailin maliyyə naziri Betsalel Smotriç həmin vaxt layihənin Fələstin dövlətinin yaradılması perspektivlərini aradan qaldırmağa yönəldiyini bildirib.