BAKI, 7 oktyabr. TELEQRAF
Ukrayna sülhə nail olmaq məqsədilə tərəfdaşları ilə beş fərqli atəşkəs formatı üzərində işləyir.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi brifinqdə bildirib.
XİN nümayəndəsi qeyd edib ki, söhbət xarici işlər naziri Andrey Sibiqanın daha əvvəl açıqladığı beş formatdan gedir.
Onun sözlərinə görə, Ukrayna diplomatiyanın iştirakı ilə real və qarşılıqlı faydalı həll yollarının hazırlanması istiqamətində fəaliyyət göstərir.
Ukraynanın üzərində işlədiyi beş istiqamət bunlardır:
Tam və qeyd-şərtsiz atəşkəs. Ukraynanın 2025-ci ilin martında dəstəkləməyə razılaşdığı ümumi atəşkəs formatıdır. Bu razılaşma qüvvədə qalır və Rusiyanın buna qarşılıq verməsi gözlənilir.
Qara dəniz formatı. Türkiyə və Misirlə birlikdə Qara dənizdə dəniz təhlükəsizliyinin təmin olunmasına dair təkliflər hazırlanır.
Qara dənizdə ərzaq təhlükəsizliyi. Hindistanın fəal iştirakı ilə ərzaq ixracının qorunmasına dair həll yolları üzərində iş aparılır.
Hindistan üzərindən enerji yolu. Hindistan tərəfinin fəal şəkildə üzərində çalışdığı enerji infrastrukturu ilə bağlı atəşkəs və zərbələrin dayandırılması məsələsidir.
Enerji üzrə Amerika istiqaməti. Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp tərəfindən müzakirə olunan, ABŞ-nin iştirakı ilə enerji sektorunda atəşkəsin təmin edilməsinə dair formatdır.
“Tanqo üçün iki nəfər lazımdır, ona görə də Rusiya tərəfi bu üsullarla razılaşmalıdır. Bizim fikrimizcə, təkliflər qarşılıqlı faydalı və realdır. Cəmiyyətimiz sülh prosesi ilə bağlı açıqlamaları diqqətlə qiymətləndirməyə və manipulyativ ittihamlara uymamalıdır”, - deyə Tixi vurğulayıb.