BAKI, 3 oktyabr. TELEQRAF
“Flydubai” reysində təyyarə komandirinə hücum edən ikinci pilotun 29 yaşlı Oman vətəndaşı Hammam əl-Hammami olduğu ehtimal edilir.
Teleqraf xəbər verir ki, bu barədə "ABC News" istintaqın gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, istintaqda şübhəli bilinən əl-Hammami 2024-cü ildə “Oman Air” aviaşirkətində ikinci pilot köməkçisi kimi çalışarkən onda ekstremist məzmunlu materiallar aşkarlanıb.
Hadisədən sonra ona “Oman Air”də inzibati vəzifədə işləməyə davam etməyə icazə verilib. Müstəntiqlər onun sonradan hansı səbəbdən “Flydubai” reysində ikinci pilot kimi uçuşa buraxıldığını müəyyən edə bilməyiblər.
"ABC News"un məlumatına görə, əl-Hammami istintaqla əməkdaşlıq edir və təyyarəni İsraildə qəzaya uğratmaq niyyətində olduğunu bildirib.
Hazırda 29 yaşlı Oman vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindədir. Hakimiyyət orqanları hadisənin bütün şəraitinin araşdırılmasını davam etdirirlər.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib.
Oktyabrın 1-də Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi buna ikinci pilotun təyyarə komandirinə hücumunun səbəb olduğunu təsdiqləyib. Hadisə nəticəsində hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb.
Nazirliyin məlumatına görə, səhhətləri yaxşılaşdıqdan sonra hər iki pilot BƏƏ təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müşayiəti ilə Əbu-Dabiyə yola salınıb. Ekipajın digər altı üzvü isə bundan əvvəl təhlükəsiz şəkildə Dubaya qayıdıb.
BƏƏ hakimiyyəti hadisənin səbəb və şəraitini, o cümlədən uçuşun istismarı ilə bağlı məqamları və təhlükəsizlik tədbirlərini araşdırmağa davam edir.