BAKI, 3 oktyabr. TELEQRAF
“Flydubai” reysində təyyarə komandirinə hücum edən ikinci pilotun daha əvvəl radikal baxışlarına görə Omanda uçuşlardan kənarlaşdırıldığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, pilotun Omanda uçuş həyata keçirməsinə qadağa qoyulmasına baxmayaraq, “Flydubai” aviaşirkəti onu işə qəbul edib.
Nəşr Oman hakimiyyətinin öz vətəndaşının radikallaşması ilə bağlı məlumatları digər ölkələr və aviaşirkətlərlə bölüşüb-bölüşmədiyini müəyyənləşdirə bilməyib.
Eyni zamanda, “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən hadisəni törədən şəxsin “Suriyada olduğu müddətdə radikal ideyaların təsirinə məruz qaldığını” iddia edib. Bunun nə vaxt baş verdiyi və Oman vətəndaşının hansı səbəbdən Suriya ərazisində olduğu açıqlanmayıb.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib.
Oktyabrın 1-də Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi hadisəyə ikinci pilotun təyyarə komandirinə hücumunun səbəb olduğunu təsdiqləyib. İnsident nəticəsində hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb.
Nazirlik bildirib ki, pilotların səhhəti yaxşılaşdıqdan sonra onlar Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müşayiəti ilə Əbu-Dabiyə yola salınıblar. Ekipajın digər altı üzvü isə bundan əvvəl təhlükəsiz şəkildə Dubaya qayıdıb.
BƏƏ hakimiyyəti hadisənin səbəb və şəraitinin, o cümlədən uçuşun istismarı ilə bağlı məqamların və təhlükəsizlik tədbirlərinin araşdırılmasını davam etdirir.