BAKI, 26 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs təklifini rədd edib və noyabrda keçiriləcək Konqres seçkilərindən sonra İrana qarşı hərbi zərbələrin bərpası ehtimalını gündəmə gətirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp köməkçilərinə İranın Vaşinqtonun tələblərini yerinə yetirəcəyinə şübhə ilə yanaşdığını və bombardmanların yenidən başlanmasını mümkün hesab etdiyini bildirib.
Bununla belə, ABŞ Prezidenti potensial zərbələrin miqyası ilə bağlı hələ yekun qərar verməyib. Bildirilir ki, Tramp genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək istəmir. Bunun səbəblərindən biri ABŞ-nin sursat ehtiyatlarının azalmasıdır.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Hörmüz boğazında gəmiçiliyin bərpasına dair yeddi günlük planı Qətər vasitəsilə ABŞ-yə təqdim etdiyini açıqlayıb.
ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.