BAKI, 26 sentyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxış edib.

Teleqraf xəbər verir ki, C.Bayramov çıxışında regional və qlobal məsələlərə toxunub.

Nazir qeyd edib ki, qlobal çağırışların getdikcə daha mürəkkəb xarakter alması fonunda heç bir ölkə onlarla təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Bununla yanaşı, çoxtərəfli mexanizmlərin artan məhdudiyyətləri mövcud və yeni yaranmaqda olan təhdidlərə səmərəli cavab vermək baxımından kollektiv imkanlarımızı zəiflətməkdə davam edir:

"Bu reallıqlarla üzləşmək birgə fəaliyyətlər tələb etməsinə baxmayaraq, həqiqi transformasiya hər şeydən əvvəl beynəlxalq nizama olan etimadın bərpası və çoxtərəfliliyin yenidən hamı üçün konkret nəticələr verə biləcəyini nümayiş etdirmədən mümkün deyil.

Parçalanma, artan dözümsüzlük və kəskin ikili standartlarla xarakterizə olunan hazırkı dövrdə, Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinin ardıcıl və qeyri-selektiv şəkildə tətbiqinə ciddi riayət olunması əsasında qurulan yenilənmiş və islahat aparılmış çoxtərəfli sistemin tərəfdarıdır.

Azərbaycan sülh və təhlükəsizlik, inkişaf, iqlim dayanıqlığı və humanitar fəaliyyət sahələrində üzv dövlətlər üçün konkret nəticələr verə bilən daha səmərəli BMT-nin tərəfdarıdır.

İnklüziv çoxtərəflilik vasitəsilə böyük və ya kiçikliyindən asılı olmayaraq bütün dövlətlər, xüsusilə də inkişaf etməkdə olan ölkələr, qlobal qərarların qəbulunda bərabər əsaslarla iştirak imkanına malik olmalıdır.

Bu çərçivədə, daha geniş təmsilçilik, səmərəlilik və çevikliyi təmin etmək məqsədilə BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zəruridir.

Qlobal etimadın bərpası, ilk növbədə, beynəlxalq hüquqa, suveren bərabər hüquqluluğa və dinc yanaşı yaşama prinsiplərinə hörmət edilməsindən başlayır. Cənubi Qafqazda sülh və sabitlik naminə səylərimiz məhz bu prinsiplərə əsaslanır.

Ermənistanla onilliklər boyu davam edən münaqişənin xalqımıza ağır faciələr yaşatmasına və ərazimizdə dərin yaralar açmasına baxmayaraq, Azərbaycan gələcəyə baxmağı və düşmənçilik səhifəsini çevirməyi seçib.

Biz Ermənistana, tərəflərin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıması və hörmət etməsinə əsaslanan, beynəlxalq hüququn norma və prinsipləri ilə tam uyğunluq təşkil edən sülh təklif etmişik.

Bizim normallaşma səylərimiz nəticəsində keçən ilin avqust ayında Vaşinqton Sülh Sammitində tarixi nəticələr əldə edildi, həmin sammitdə Azərbaycan və Ermənistan liderləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyində Birgə Bəyannamə imzaladılar. Bu Bəyannamə vasitəsilə hər iki tərəf münaqişənin sona çatdığını, dinc və firavan gələcək qurmaq istiqamətində birgə iradələrini təsdiq etdilər. Tərəflər həmçinin Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişi parafladılar.

Biz hazırda de-fakto sülhə nail olmuşuq. Bundan əlavə, Azərbaycan tranzit məhdudiyyətlərini birtərəfli qaydada ləğv edərək malların Ermənistana və Ermənistandan daşınmasını asanlaşdırır. Biz həmçinin ikitərəfli ticarət əlaqələri qurmuşuq. Beynəlxalq bazarlarda artan qeyri-sabitliyə və həmin məhsullara qlobal tələbatın çoxalmasına baxmayaraq, Azərbaycan müntəzəm şəkildə Ermənistanı strateji əhəmiyyətli neft məhsulları ilə təmin edir.

Biz Azərbaycanın təşəbbüsü ilə başlanmış sülh gündəliyini irəliyə apardıqca, bütün regionumuz sabitlik, bağlantı və konkret iqtisadi dividendlərin perspektivli dayaq nöqtəsinə çevrilir.

Bu prosesin geridönməzliyini təmin etmək məqsədilə, artıq paraflanmış ikitərəfli sazişin imzalanması vasitəsilə normallaşma prosesinin yekunlaşdırılmasına şərait yaratmaq üçün yerdə qalan maneənin aradan qaldırılması həlledici dərəcədə zəruridir".

Regional normallaşma prosesi ilə yanaşı, Azərbaycanın münaqişədən sonrakı bərpa gündəliyi nəticə etibarilə yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdış hüququnu həyata keçirə bilməsini qarşıya məqsəd qoyub:

"Hökumət tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri sayəsində azad edilmiş ərazilərimizə həyat qayıdır. Azərbaycan bütöv regionu yaşıl texnologiyalardan enerji alan "ağıllı şəhərlər" və "ağıllı kəndlər" vasitəsilə yenidən qurur. Bir zamanlar xarabalıq və külə çevrilmiş ərazilər bu gün müasir yaşayış məntəqələri kimi dirçəlir. Bu gün 90 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və işləyir.

Təəssüf ki, Azərbaycan ərazilərinin minalar və digər partlayıcı qurğularla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır. Bu, bərpa və qayıdış prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir. 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra qadın və uşaqlar da daxil olmaqla, 400-dən çox insan mina qurbanına çevrilib. Son 30 il ərzində mina qurbanlarının ümumi sayı 3500 nəfəri ötüb.

Bu problemin miqyasını nəzərə alaraq, Azərbaycan mina təmizləmə fəaliyyətini insan hüquqlarının təmin olunması üçün zəruri ilkin şərt hesab edir və humanitar mina təmizlənməsini özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən bəyan edib.

Eyni qaydada, münaqişə nəticəsində itkin düşmüş təxminən 4000 azərbaycanlının taleyi və yerinin müəyyən edilməsinin zəruriliyi təkcə hesabatlılıq, qurbanların və onların ailələrinin hüquqları baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və normallaşma prizmasından mühüm əhəmiyyət daşıyır.

Getdikcə mürəkkəbləşən qlobal çağırışların qarşısında bizim kollektiv cavabımız inklüziv, ədalətli və universal olmalıdır.

Azərbaycanın özünün təcrübəsi məhz bu prinsipləri ehtiva edir. Bizim cəmiyyətimiz müxtəlif etnik, mədəni və dini icmaların əsrlər boyu davam edən dinc yanaşı yaşamasından qaynaqlanaraq, təbiətən multikultural və çoxkonfessiyalı cəmiyyətdir.

Bu ənənə Azərbaycanın beynəlxalq təşəbbüslərində, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda öz əksini tapıb. "Bakı Prosesi" çərçivəsində başlanğıcını 2008-ci ildən götürən Forum, mədəniyyətlərarası dialoqun və mədəni müxtəlifliyin inkişafı üçün mühüm qlobal platformaya çevrilib və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının silsilə qətnamələri də daxil olmaqla, beynəlxalq səviyyədə nüfuz qazanıb.

Bu dəyərlərə əsaslanaraq, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq həmrəyliyin gücləndirilməsi, körpülərin qurulması və kollektiv cavab tədbirlərinin səfərbər edilməsi istiqamətində mühüm addımlar atıb.

Bu kimi əzmkar yanaşma həmçinin Azərbaycanın COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası daxil olmaqla nəhəng qlobal tədbirlərə uğurlu ev sahibliyi və müvafiq idarəçiliyi, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə nəticəyönümlü sədrliyi, habelə digər beynəlxalq platformalarda getdikcə fəallaşan iştirakı vasitəsilə də nümayiş etdirilib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü və C6 formatında tamhüquqlu üzvlüyü regionda və onun sərhədlərindən kənarda əməkdaşlıq və bağlantılara töhfəmizi daha da artıracaqdır".

Nazir qeyd edib ki, COP29 bu yanaşmanın əməli baxımdan gözəl nümunəsidir: "Azərbaycan ev sahibi və sədr ölkə qismində danışıqları hədəfyönümlü və balanslaşdırılmış nəticələrə doğru istiqamətləndirməklə yanaşı, bütün tərəflərin səsinin eşidilməsini təmin etməyə çalışıb. Konfrans nəticəsində qlobal iqlim maliyyəsi hədəfinin üç dəfə artırılması, karbon bazarı mexanizmlərinə dair 6-cı Maddənin tam işlək hala gətirilməsi və iqlim dəyişikliyindən zərər çəkən həssas icmalar üçün İtki və Zərər Fondunu dəstəkləyən mexanizmlərin daha da inkişaf etdirilməsi daxil olmaqla, bir sıra tarixi razılaşmalar əldə olunub.

Bizim iqlim fəaliyyətlərinin irəliyə aparılması istiqamətindəki səylərimiz heç də COP29-un təşkili ilə bitməyib. Azərbaycan, danışıqlar yolu ilə əldə edilmiş nəticələrin praktiki icraya çevrilməsinə xüsusi diqqət yetirərək, özünün yaratdığı irs üzərindən irəliləməyə davam edir. Bu ilin sentyabr ayında Bakı şəhəri ilk dəfə icranın sürətləndirilməsi və praktiki həllərin irəli sürülməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, özəl sektoru və digər maraqlı tərəfləri bir araya gətirərək, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsinə ev sahibliyi edib.

Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyi, eyni qaydada, inkişaf və humanitar yardım sahəsindəki fəaliyyətlərimizdə əksini tapır. Azərbaycan son illər ərzində xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə və Afrikada tərəfdaş ölkələrə diqqət yetirərək, beynəlxalq yardımının əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə təxminən 400 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərmişik.

İnkişaf Hüququna dair Bəyannamənin 40-cı ildönümünü qeyd etdiyimiz məqamda Azərbaycan həmrəylik, qarşılıqlı hörmət və ortaq inkişaf prioritetlərinə əsaslanan tərəfdaşlıq yanaşmalarına sadiqliyini bir daha təsdiqləyir.

2030-cu il yaxınlaşdıqca, dünyanın Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqində hədəfdən geri qaldığı daha aydın görünməkdədir.

Azərbaycan bağlantılar, "yaşıl inkişaf", rəqəmsallaşma və dayanıqlı şəhərsalma inkişafına xüsusi diqqət yetirməklə, Dayanıqlı İnkişaf Məqsədlərini özünün milli inkişaf strategiyalarına, institusional çərçivələrinə və eləcə də Könüllü Milli Hesabat proseslərinə inteqrasiya edərək, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə tam sadiqdir.

Son iki onilliyə yaxın müddətdə Azərbaycanın ÜDM-i üç dəfə artıb, yoxsulluq səviyyəsi isə 49%-dən təxminən 5%-ə enib. Eyni zamanda, Azərbaycan dünyada ən aşağı xarici dövlət borcu səviyyələrindən birinə malik ölkədir.

Bizim yanaşmamız həmçinin səmərəli və məsuliyyətli təsisatlar vasitəsilə dayanıqlı inkişafın irəli aparılmasını əhatə edir. Azərbaycanın təşəbbüsü ilə 30 mart 2026-cı il tarixində BMT-nin İnsan Hüquqları Şurası tərəfindən "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə üçüncü dəfə konsensus əsasında qəbul edilib. 100-dən çox üzv dövlətin həmmüəllifi olduğu qətnamə, vətəndaşyönümlü, şəffaf və səmərəli dövlət institutlarının insan hüquqlarının inkişafı və Dayanıqlı İnkişaf Məqsədlərinə doğru tərəqqinin sürətləndirilməsində mühüm rolunu vurğulayır.

Azərbaycanın şəffaf, əlçatan və vətəndaşyönümlü dövlət xidmətinin göstərilməsi üzrə innovativ ASAN və DOST modelləri beynəlxalq nüfuz qazanıb və daha çox sayda tərəfdaş ölkə tərəfindən tətbiq edilməkdədir.

2030-cu ilədək Gündəliyinə yanaşmamızın digər mühüm sütunu dayanıqlı şəhərsalmadır. Dayanıqlı şəhərlər həyat keyfiyyətinin yüksəldilməsi, icmaların gücləndirilməsi və inklüziv iqtisadi və sosial inkişafın təşviqi üçün zəruridir. Bu baxımdan, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına uğurla ev sahibliyi etməsi qlobal şəhərsalma gündəliyinə mühüm töhfə verib. Forumun yekununda qəbul olunmuş "Bakı Fəaliyyətə Çağırış" və "Sədrin Xülasəsi" kimi əsas sənədlər nəticə etibarilə bu ilin iyul ayında Nyu-Yorkda Yeni Şəhərsalma Gündəliyinin ortamüddətli icmalına həsr olunmuş Baş Assambleyanın Yüksək Səviyyəli İclasına öz töhfəsini verib.

Eyni zamanda, ətraf mühitin qorunması mühüm milli və regional prioritet olaraq qalır. Biz xüsusilə, regionda biomüxtəliflik, əhalinin yaşayış şəraiti və iqtisadi fəaliyyət üçün ciddi nəticələri özündə ehtiva edən, Xəzər dənizində suyun səviyyəsinin davamlı azalmasından narahatıq. Bu, bütün Xəzəryanı dövlətlərin qarşılaşdığı ortaq çağırış olaraq, əlaqələndirilmiş, kollektiv və davamlı cavab tədbirləri tələb edir.

İqlim hədəflərimizə tam sadiq qalmaqla yanaşı, biz həmçinin qəbul etməliyik ki, yaxın gələcəkdə real inkişaf ənənəvi enerji resursları olmadan davam etdirilə bilməz.

Enerji təhlükəsizliyi həmçinin sülh, regional bağlantılar və dayanıqlı iqtisadi inkişafla sıx əlaqəlidir.

16 ölkəyə etibarlı təbii qaz tədarükçüsü kimi, Azərbaycan boru kəməri ilə qaz təchizatı üzrə dünyanın aparıcı tədarükçüləri sırasında yer alır və Avropada və onun sərhədlərindən kənarda enerji təhlükəsizliyinin gücləndirilməsi və təchizat marşrutlarının şaxələndirilməsində strateji rol oynayır.

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi zaman keçdikcə onun təmiz enerjiyə keçid prosesindəki artan rolu ilə daha çox tamamlanır. Biz bərpa olunan enerjiyə sərmayə yatırır, mühüm günəş və külək enerjisi layihələrini istismara verir, hidroenerji potensialını genişləndirir və aparıcı beynəlxalq tərəfdaşlarla birlikdə yeni təmiz enerji təşəbbüslərini inkişaf etdiririk. Artıq imzalanmış sazişlər 2030-cu ilə qədər təxminən 6 QVt həcmində əlavə günəş və külək enerjisinin yaradılmasını nəzərdə tutur.

2030-cu ilədək Azərbaycanın elektrik enerjisinin təxminən 40%-nin bərpa olunan enerji mənbələrindən alınacağı gözlənilir.

Bərpa olunan enerji istehsalının genişləndirilməsi Azərbaycan üçün Avropa bazarlarına yaşıl elektrik enerjisi ixracı baxımından yeni imkanlar yaradacaqdır.

Beləliklə, bizim etibarlı enerji tərəfdaşı kimi rolumuz qlobal enerji keçidi ilə paralel şəkildə inkişaf edir".

Enerji bağlantıları Azərbaycanın regionları, bazarları və iqtisadiyyatları əlaqələndirmək üzrə daha geniş baxışının tərkib hissəsidir: "Azərbaycan mühüm transregional bağlantı təşəbbüslərinə töhfə vermək, müasir nəqliyyat infrastrukturuna investisiya qoymaq və regional tərəfdaşlarla əməkdaşlığı genişləndirməklə, Avropa ilə Asiya arasında əsas nəqliyyat və logistika qovşağına çevrilib.

2022-ci ildən bəri Orta Dəhliz boyunca yük daşımalarının həcmində təxminən 90% artım qeydə alınıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, Azərbaycanın təşəbbüsü və aparıcı rolu ilə Orta Dəhliz boyunca həyata keçirilən strateji infrastruktur layihələri Asiya ilə Avropa arasında daha davamlı, şaxələndirilmiş və dayanıqlı təchizat zəncirlərinin yaradılmasına kömək edir.

Bu artım, Orta Dəhlizin regional bağlantılar, ticarətin asanlaşdırılması və dayanıqlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi böyük potensialını nümayiş etdirir.

Bizim bağlantılar gündəliyimiz enerji və nəqliyyat sahələrinin hüdudlarını aşır. Rəqəmsal bağlantılar regional əməkdaşlıq üçün digər mühüm sahədir. Azərbaycan, Rəqəmsal İpək Yolu kimi genişmiqyaslı təşəbbüslər vasitəsilə region boyunca yeni rəqəmsal əlaqələri inkişaf etdirir. Bu layihə Xəzər dənizindən keçməklə müasir fiber-optik şəbəkənin qurulmasını nəzərdə tutur və Azərbaycanın regional rəqəmsal qovşaq və Avropa ilə Asiya arasında əsas keçid kimi rolunu daha da gücləndirir.

Bu kimi daha geniş bağlantılar gündəliyi həmçinin Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturası ilə sıx bağlıdır.

2025-ci il Vaşinqton Sammitinin daha bir mühüm nəticəsi olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"(TRIPP) Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantıların təmin olunmasına xidmət edəcək və Zəngəzur dəhlizinin tərkib hissəsi kimi regional ticarət, iqtisadi inteqrasiya və tərəqqi üçün yeni imkanlar açacaqdır.

Çıxışımın yekununda, bir daha vurğulamaq istəyirəm ki, qarşılaşdığımız ortaq çağırışlar yenilənmiş qlobal həmrəyliyi, beynəlxalq hüquqa əsaslanan daha effektiv və etibarlı çoxtərəfliliyi, habelə yenidən canlandırılmış əməkdaşlıq sistemini zəruri edir.

Bununla belə, etimad yalnız konkret addımlar vasitəsilə bərpa olunmalıdır. Sülh reallıqda təmin edilməli, öhdəliklər real nəticələrə çevrilməli və dayanıqlı inkişaf insanların həyatında əhəmiyyətli tərəqqi ilə müşayiət olunmalıdır.

Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə ardıcıl olaraq sadiq qalıb və beynəlxalq hüquqa, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörmətə, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə, suveren bərabər hüquqluluğa, dialoq və əməkdaşlığa, eləcə də razılaşdırılmış öhdəliklərin dürüst, ardıcıl və qeyri-selektiv şəkildə icrasına möhkəm bağlılığını nümayiş etdirib.

Bizim inandığımız çoxtərəflilik məhz prinsipial, inklüziv və hər şeydən əvvəl konkret nəticələr verə bilən çoxtərəflilikdir".