BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsini təmin edən etibarlı regional tranzit mərkəzidir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Qlobal İnkişaf Təşəbbüsünün 5-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli görüşdə çıxışı zamanı bildirib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Ceyhun Bayramov Çinin 2030-cu il Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsi istiqamətində irəli sürdüyü təşəbbüsü yüksək qiymətləndirib.
Nazir Prezident İlham Əliyevin Pekinə dövlət səfərindən sonra Azərbaycan və Çin arasında formalaşmış hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
O, Azərbaycanın Çin və Avropa arasında təhlükəsiz ticarət əlaqələrinin qurulmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Orta Dəhlizin modernləşdirilməsi ticarət xərclərini azaldır və inkişaf etməkdə olan ölkələrin beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir.
Ceyhun Bayramov həmçinin Çinin suveren bərabərlik, BMT Nizamnaməsinə hörmət və beynəlxalq hüququn aliliyinə əsaslanan beynəlxalq sistemin islahatı ilə bağlı baxışını alqışlayıb.
Nazir Azərbaycanın "Cənub-Cənub" əməkdaşlığı çərçivəsində həmrəyliyin gücləndirilməsinə, texnologiya və resursların paylaşılmasına, eləcə də inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə sadiqliyini bir daha təsdiqləyib.