BAKI, 26 sentyabr. TELEQRAF
ABŞ administrasiyası Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketləri daxil etməmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Donald Tramp administrasiyası Ukraynaya hərbi yardım üçün ayrılmış 400 milyon dolları sentyabrın 30-da başa çatacaq cari maliyyə ili ərzində rəsmiləşdirməyi öhdəsinə götürüb.
Yardımın 2029-cu ilin oktyabrına qədər Kiyevə çatdırılması gözlənilir. Paketə silahlar və zirehli texnika üçün ehtiyat hissələri daxil olacaq.
Agentliyin mənbələrindən biri bildirib ki, Ukrayna tərəfinin müraciətinə baxmayaraq, yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb.
Qeyd edək ki, ABŞ Konqresi sözügedən hərbi yardımı daha əvvəl təsdiqləyib. Lakin yardımın Ukraynaya çatdırılması ilə bağlı Vaşinqtonda fikir ayrılıqları yaranıb.