BAKI, 26 sentyabr. TELEQRAF
Almaniya Bundesratı yanacağın bahalaşması fonunda əhalinin maliyyə yükünü azaltmaq məqsədilə yanacaq vergisinin müvəqqəti endirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Qanuna əsasən, oktyabrdan dekabrın sonunadək yanacağa tətbiq edilən enerji vergisi 14,04 avrosent azaldılacaq. Əlavə dəyər vergisi də nəzərə alındıqda, vergi güzəşti hər litr yanacaq üçün təxminən 17 avrosent təşkil edəcək.
Qanunun oktyabrın 1-də qüvvəyə minməsi üçün yalnız Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin imzası tələb olunur.
Müxalifət hökumətin qərarını tənqid edərək enerji qiymətlərinin artmasına qarşı daha davamlı tədbirlərin görülməsini tələb edib.
Kansler Fridrix Mertsin rəhbərlik etdiyi hakim koalisiya yanacağın qiymət artımını məhdudlaşdıran mexanizmin tətbiqi barədə də razılığa gəlib. Lakin həmin tədbirin 2027-ci ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Almaniyada yanacağın kəskin bahalaşması İran ətrafında münaqişənin gərginləşməsindən sonra başlayıb. Hökumət may və iyun aylarında da oxşar vergi güzəşti tətbiq etmişdi. Lakin güzəştin iyulun 1-də başa çatmasından sonra qiymətlər yenidən yüksəlib.