BAKI, 26 sentyabr. TELEQRAF

Yaponiya hökuməti ABŞ Prezidenti Donald Trampla Baş nazir Sanae Takaiçi arasında telefon danışığı təşkil etməyi planlaşdırır.

Teleqraf NHK telekanalına istinadən xəbər verir ki, məqsəd Trampın Çin lideri Si Cinpinlə apardığı danışıqların təfərrüatlarını öyrənmək və Pekinlə bağlı mövqeləri razılaşdırmaqdır.

Yaponiya hökumətindəki mənbələr bildiriblər ki, Tokio ABŞ-Çin danışıqlarının nəticələri barədə hələ kifayət qədər məlumata malik deyil.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara isə ABŞ və Çin münasibətlərinin Yaponiya da daxil olmaqla beynəlxalq sabitliyə töhfə verməsinin vacibliyini vurğulayıb.

Məlumata görə, Tramp və Si Cinpinin İkinci Dünya müharibəsi zamanı ABŞ ilə Çinin müttəfiqliyi barədə açıqlamaları Yaponiyada narahatlıq doğurub.

Tokio xüsusilə Yaponiya-Çin münasibətlərinin gərginləşdiyi bir vaxtda Vaşinqtonun Pekinlə danışıqlarda Yaponiyanın maraqlarını nəzərə almamasından ehtiyat edir.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər Takaiçinin 2025-ci ilin noyabrında Tayvan ətrafında mümkün hərbi böhran zamanı güc tətbiqini istisna etmədiyini bildirməsindən sonra kəskinləşib. Çin bu bəyanata etiraz edərək Yaponiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib və ikitərəfli təmasları məhdudlaşdırıb.